İstənilən fəaliyyət sahəsində (istehsal, xidmət, ticarət, ictimai iaşə) malların, işlərin, xidmətlərin təqdim edilməməsindən əvvəl onun maya dəyəri və son olaraq satış maya dəyəri formalaşdırılmalıdır. Bunun üçün kalkulyasiyalar və ya spesifikasiyalar tərtib edilməlidir.Təəssüf ki, bir çox sahibkarlar buna riayət etmədiklərindən bəzi hallarda bizneslərinin müflisləsməsi ilə üzləşirlər. Vergi ödəyicilərinin təqdim etdikləri malların, işlərin və xidmətlərin maya dəyərində xammal, əməkhaqqı və digər xərclər kimi vergilər və rüsumlar da ola bilər. Bəzən vergilər və rüsumlar birbaşa maya dəyərinə daxil edilir, bəzi hallarda isə dolayısı ilə maya dəyəri də nəzərə alınır. Məsələn, qum karxanasında satılan 1 mx3 qumun maya dəyərində mədən vergisi birbasa daxil edilməlidir. Ona görə ki, Vergi Məcəlləsində 1mx3 qumun mədən vergisi bəllidir və bu vergi maya dəyərinə birbaşa daxil edilir.
Alğı-satqı əməliyyatlarında bəzən ana məbləğ + ƏDV, bir çox hallarda isə ümumi məbləğ yazılır. Belə olan halda ƏDV necə hesablanır?
Misal:
Satıcı vergi ödəyicisi 1.000 manat + 180 manat (18% ƏDV) olmaqla mal satıb və qarşı tərəfə e-VHF verib. Sual olunur ki, burada ƏDV nə qədərdir? Bu zaman 1.000 manatın daxilindəki vergi və ya rüsumları azaldıb 18 faizə vurmaq lazım deyil. Artıq həmin vergilər və rüsumlar maya dəyərinə daxil edilib və 18 faiz ƏDV bütün məbləğə hesablanmalıdır, yəni bu əməliyyatda 1.000*18% = 180 manat olacaqdır.
Daha bir əməliyyata nəzər yetirək. Fərz edək ki, ƏDV ödəyicisi əsas vəsaitini vətəndaşa satıb və müqavilədə ümumi məbləğ 1.500 manat kimi yazılıb. Vətəndaş bu vəsaiti kassaya mədaxil edib. ƏDV ödəyicisi heç bir e-VHF təqdim edə bilmir, çünki qarşı tərəf vergi ödəyicisi deyil. Bu zaman sual meydana çıxır ki, ƏDV-nin məbləği nə qədərdir? Belə olan hallarda 161.1.-ci maddəyə bir daha nəzər yetiririk.
Misal:
Müştəridən aldığımız məbləğ 1.500 manatdır və ƏDV də bu məbləğdən hesablanmalıdır. Həmçinin bu məbləğdən ƏDV nəzərə alınmadan ana məbləğ müəyyənləşdirilməli, yəni ƏDV hesablamaq üçün yuxarıdakı nümunədəki kimi baza məbləğ formalaşdırılmalı və 1.500 manatdan ƏDV çıxılmalıdır. 1500/1,18 =1271,19 manat ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və bunun ƏDV-si 1271,19 * 18% = 228,81 manat olacaqdır. Həmçinin ƏDV bəyannaməsində ƏDV-siz dövriyyə kimi 1271,19 manat yazılmalıdır.
Bəzi vergi ödəyiciləri səhv olaraq ƏDV-siz dövriyyəni 1.500 manat yazırlar və özlərinə əlavə vergi yükü yaradırlar.
Maddədə "yol vergisi istisna olmaqla" ifadəsi yazılıb və buna ciddi əhəmiyyət verilməlidir. Yəni 161.1-ci maddəyə aid olan yol vergisininin ödəyiciləri avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalçılarıdır və ƏDV məqsədləri üçün ana məbləğ müəyyənləşdiriləndə yol vergisi çıxılır. Avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalçılarının təqdim etdikləri e-VHF-də, EQF-də yol vergisi ayrıca yazılır və ƏDV-nin məbləği yuxarıdakı kimi hesablananda nəzərə alınmır.
Misal:
Tutaq ki, 1.500 manatlıq yanacaq satılıb və onun daxilində 100 manat yol vergisi vardır. Belə olan halda, ƏDV 228,81 manat olmayacaq, azalacaq, ona görə ki, ana məbləğdən 100 manat çıxılacaqdır (1500-100)/1,18=1186,44 manat ana məbləğ, ƏDV-si isə 1186,44* 18%=213,56 manat olacaqdır. Son olaraq cəmi məbləğ (1186,44+213,56+100) = 1500 manat görünür. Yəni ƏDV bəyannaməsində ƏDV-yə cəlb edilən məbləğ 1.186,44 manat göstəriləcəkdir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI