Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Ətraf Mühit, Təbii Sərvətlər və Mavi İqtisadiyyat Qlobal Təcrübəsinin rəhbəri Kseniya Lvovski “vergiler.az”a açıqlamasında bildirib ki, Azərbaycanın sahilboyu və dəniz əraziləri də daxil olmaqla “yaşıl iqtisadiyyat”ı inkişaf etdirmək baxımından geniş potensialı var: “Sahil və dəniz zonalarının inkişafı “yaşıl iqtisadiyyat”ın bir hissəsi olan “mavi iqtisadiyyat”a aiddir. Bu istiqamət turizm, kənd təsərrüfatı, xidmət sektoru və digər bu kimi sənaye sahələrə təkan vermək üçün inkişaf etdirilməlidir”.
Ekspert, həmçinin, bu sahədə havanın keyfiyyətinin idarə edilməsini də vacib faktor kimi vurğulayıb: “Bu, həm yerli, həm də milli səviyyədə birgə, hərtərəfli və sektorlararası işi, eləcə də çoxsaylı maraqlı tərəflərin və tərəfdaşların səylərini tələb edən mühüm vəzifədir”.