Gəlir və xərc fərqinin kompensasiya edilməsi

2019.05.03 17:40 (UTC+04:00)

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir.

Misal:
"A" MMC mənfəət vergisinin ödəyicisi olduğu tarixədək balansında hesabat ilinin sonuna qalıq dəyəri 100.000 manat olan avadanlıqlara görə vergi ili üçün müəyyən edilmiş amortizasiya normasından (20 faiz) aşağı norma (10 faiz), həmçinin onların təmirinə müəyyən olunmuş təmir normasından (5 faiz) aşağı norma (2 faiz) tətbiq etmişdir. Bu halda, aşağı norma tətbiq edilməsi nəticəsində yaranmış və növbəti illərə keçirilmiş ehtiyat məbləğlər belə hesablanacaqdır:

Amortizasiya: (100.000 x 20%) – (100.000 x 10%) = 20.000 – 10.000=10.000 manat;
Təmir: (100.000 x 5%) – (100.000 x 2%) = 5.000 - 2.000 = 3.000 manat.

Müəssisə növbəti ildə mənfəət vergisi ödəyicisi olduğu halda, sadələşdirilmiş verginin ödəyicisi olduğu əvvəlki ilin amortizasiya və təmir xərclərinin növbəti ilə keçirilən məbləğlərini gəlirdən çıxılan xərclərin üzərinə (10.000 manat və 3.000 manat) əlavə edə bilməz.
Əsas: Vergi Məcəlləsi, 121-ci maddə