Valimir Vukadin: “Azərbaycan sabit siyasi sistemə, ixtisaslı işçi qüvvəsinə, müasir kapitala malik imkanlar diyarıdır” MÜSAHİBƏ

2022.12.07 14:00 (UTC+04:00)

- Cənab Vukadin, Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişaf səviyyəsi sizin mövqeyinizdən necə görünür?

- Azərbaycanda KOB-un inkişafı əsasən, neft və qaz hasilatına yönəlmiş ölkə iqtisadiyyatı üçün gözlənilən səviyyədədir. Əsas məsələ diversifikasiyadır. Xüsusilə Azərbaycanın perspektivli potensialını nəzərə alsaq, bu ölkədə kiçik və orta sahibkarlıq əsas hərəkətverici qüvvəyə çevrilə bilər.

- KOB sahəsində əsas qlobal tendensiyalar hansılardır?

- Kiçik biznesin inkişaf etdirilməsi Avropa İttifaqının (Aİ) son iki onillikdə apardığı siyasətin mərkəzindədir. KOB-lar bir çox ölkədə əsas işəgötürən qüvvədir, onlar çevikliyi, innovasiyaları, çərçivədənkənar düşünməyi təşviq edir və bu sahədə öz dövlətlərinə böyük fayda verirlər. Onlar öz ölkələrindən qaçmırlar, vergi ödəməkdən yayınmırlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin əksəriyyəti bu xüsusiyyətlərə böyük əhəmiyyət verir və siyasət, qanunvericilik işində KOB-ların ehtiyaclarına xüsusi diqqət yetirirlər.

KOB-lar bir çox ölkədə əsas işəgötürən qüvvədir, onlar çevikliyi, innovasiyaları,
çərçivədənkənar düşünməyi təşviq edir və bu sahədə öz dövlətlərinə böyük fayda verirlər

- Kiçik və orta sahibkarlığın üzləşdiyi ən ümumi problemlər hansılardır?

- Bir çox ölkələrdə bir nömrəli problem şəffaflıqdır. Dövriyyə, mənfəət, məşğulluq və innovasiya baxımından böyük sistemlərin uğurunu qiymətləndirmək asandır. Minlərlə KOB-un məlumatlarını ümumiləşdirmək, onların uğurlarını qeyd etmək çox çətindir. Bundan əlavə, hətta SASME daxilində də kiçik və orta sahibkarlığın ehtiyaclarına daha çox diqqət yetirən hüquqi dəyişikliklərə lobbiçilik etmək və ya onları təşviq etmək imkanı yoxdur. Maliyyələşmə, fiskal yük, qeyri-adekvat tənzimləmə ilə bağlı problemlərin əsas səbəbləri bu amillərdir.

- Sizcə, öz mikro, kiçik və ya orta biznesini qurmaq istəyən şəxslər ilk növbədə nəyə diqqət yetirməlidirlər?

- Əvvəlcə özlərini yoxlamalıdılar. Bu, qeyri-rəsmi səylər, simulyasiyaya əsaslanan təlimlər zamanı, bir neçə il əvvəl biznesə başlayan insanlarla dərin söhbətlər vasitəsilə edilə bilər. Potensial sahibkarlar öz sahibkarlıq keyfiyyətlərini qiymətləndirməlidirlər: riskdən qorxmamalı, səhərdən axşamadək böyük səylə işləməlidirlər.

Potensial sahibkarlar öz sahibkarlıq keyfiyyətlərini qiymətləndirməlidirlər:
riskdən qorxmamalı, səhərdən axşamadək böyük səylə işləməlidirlər

- KOB-lar iqtisadiyyatın risklərə ən çox məruz qalan həssas seqmentidir. İndi dünyanın eyni vaxtda bir neçə istiqamətdə böhran (təchizat zəncirinin pozulması, yüksək inflyasiya və s.) keçirdiyini nəzərə alaraq, dünyada baş verən neqativ proseslərin KOB-ların fəaliyyətinə təsirini minimuma endirmək üçün hansı tövsiyələri verə bilərsiniz?

- Sahibkar olmaq üçün risk etməyə hazır olmaq lazımdır. Əsas prinsip həmişə belə olmalıdır - biz kiçik və çevik müəssisəyik, istənilən dəyişikliyə uyğunlaşa bilirik. KOB-un müflisləşməsi milli deyil, bir və ya bir neçə ailənin problemidir. Beləliklə, yaxşı vaxtlarda pis vaxtlar üçün ehtiyat yaratmaq barədə düşünmək lazımdır. Maliyyə rıçaqlarının olması genişlənən bazarda əvəzsizdir, lakin iqtisadi tənəzzül zamanı bu, dağıdıcı ola bilər...

- KOB-un maliyyə əldə etməsi çox vaxt çətin olur. Sizcə, biznesin maliyyə əldə etmək imkanını yaxşılaşdırmaq üçün hansı addımlar atıla bilər?

- Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin böyük problemlərindən biridir. Banklar klassik kreditlər olmayan maliyyə alətləri təqdim etmək üçün innovativ maliyyə məhsulları təklif etməkdə maraqlı deyil. Buna görə də maliyyə institutları KOB-ların ehtiyaclarını daha yaxşı anlamalı və buna görə də aktivlərə əsaslanan maliyyələşdirməni təmin etməlidirlər.

Bundan əlavə, tənzimləyicilər həddindən artıq mühafizəkardırlar və alternativ maliyyələşdirməyə maneələr yaradırlar. “Crowdfunding” (həm borc, həm də kapital) və P2P borclanması ən bariz və aktual məsələdir, baxmayaraq ki, oxşar vəziyyət bütün hibrid maliyyə alətlərinin və alternativ borcların tənzimlənməsində mövcuddur. P2P və “crowdfunding” həmçinin KOB mükəmməlliyinin hərtərəfli və ardıcıl qiymətləndirilməsinin olmaması ilə məhdudlaşdırılır (buraya sahiblərin/menecerlərin psixometrik qiymətləndirilməsi və ya yerli biznes icmasının etibar nöqtələrinin qiymətləndirilməsi daxildir).

Maliyyə institutları KOB-ların ehtiyaclarını daha yaxşı anlamalı və
buna görə də aktivlərə əsaslanan maliyyələşdirməni təmin etməlidirlər

- Rəqəmsallaşma artıq trend deyil, zamanın tələbidir. KOB müasir tendensiyalara və texnologiyalara necə uyğunlaşa bilər?

- Rəqəmsallaşma sərmayədən ən yüksək gəlir gətirən investisiyalardan biridir. Ən mühüm problem müxtəlif ölçülü firmaların tələblərə eyni yanaşmasıdır. Hər bir müəssisə rəqəmsallaşmanın ona hansı dərəcədə uyğun olduğunu diqqətlə düşünməlidir. Dəbli olmaq gözəldir, lakin əksər KOB üçün bu heç də həmişə uğurlu olmur.

- Azərbaycan kiçik və orta biznesin inkişafı üçün hansı ölkələrin təcrübəsini mənimsəyə bilər?

- Hər bir ölkə özünəməxsusdur, lakin ən yaxşı təcrübənin bir qismini Azərbaycana gətirmək olar. Türk dövlətləri, Rusiya, İran, ərəb ölkələri və Avropa arasında körpü olan Azərbaycan seçimində müdrik olmalıdır. Azərbaycana gətirilə biləcək ən yaxşı təcrübəni axtarırıqsa, iqtisadiyyatın şaxələndirilməsinə nail olmuş neft ölkələrinin təcrübəsi öyrənilməlidir.

Tamilla MƏMMƏDOVA