Sahibkar Afət Əhmədova: “Dövlətdən aldığımız kredit sayəsində böyük uğur qazandıq”

2022.12.12 15:00 (UTC+04:00)

Azərbaycan iqtisadiyyatının inkişaf tempinin yüksəlməsini şərtləndirən amillərdən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi üçün onlara göstərilən dövlət dəstəyidir. Dövlət dəstəyinin əhatə dairəsinin genişlənməsi nəticəsində ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin sayı da getdikcə artır. Hazırda ölkədəki bizneslərin sayca mütləq əksəriyyətini - 99,6 faizini mikro, kiçik və orta sahibkarlıq subyektləri təşkil edir.

Sahibkarlıq subyektlərinə maliyyə resursları əldə etmək imkanı yaradan əsas qurumlardan biri İqtisadiyyat Nazirliyidir. Nazirliyin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən yalnız bu ilin yanvar-oktyabr aylarında 2.195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb. Güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

SİF xətti ilə dövlətdən güzəştli kredit alan sahibkarlıq subyektlərindən biri də Bakıda fəaliyyət göstərən "BRİGHTMAN BMC"dir. 2013-cü ildən fəaliyyət göstərən bu müəssisə meyvə-tərəvəz məhsullarının emalı ilə məşğuldur, onların konservləşdirilmiş çeşidlərini yerli və xarici bazara təqdim edir. 2017-ci ildən ixraca başlayan şirkətin məhsulları hazırda Rusiya, Yaponiya, Qazaxıstan, Polşa, Qətər və ABŞ bazarlarında “ZIRA Natural” və “Novruz” brendləri altında satılır.

"BRİGHTMAN BMC" MMC-nin təsisçisi və direktoru Afət Əhmədova deyir ki, Azərbaycan üçün qeyri-ənənəvi olan xarici bazarlarda öz sözünü deyə bilmək bir sahibkar kimi onu çox sevindirir: “Azərbaycan üçün ənənəvi bazar olan Rusiya ölkəmizin meyvə-tərəvəz potensialına yaxşı bələddir. Ancaq Yaponiya, Qətər kimi elə bazarlar var ki, onlar Azərbaycan məhsulları ilə tanış deyil. Fərqli mədəniyyətə malik ölkələrin Azərbaycan məhsullarını öz mətbəxlərinə daxil etməsi, onları gündəlik istehlak məhsuluna çevirməsi iqtisadiyyatımız üçün böyük uğurdur”.

İstehsal etdikləri məhsulun tam sağlam olması üçün əllərindən gələni əsigəmədiklərini deyən A.Əhmədova bildirir ki, rəhbərlik etdiyi müəssisə ölkənin kiçik fermerləri ilə çalışmağa, öz həyətlərində kimyəvi dərman vurmadan meyvə-tərəvəz yetişdirən kəndlilərlə işləməyə daha çox üstünlük verir: “Məhsulu pestisidlərsiz yetişdirən fermerlərdən aldığımız malları müəssisəmizdə qısa müddətdə emal edirik. Dondurulmuş, ilkin emal olunmuş, istiliyə məruz qalmış xammaldan qətiyyən istifadə etmirik. Mövsümi meyvə-tərəvəz yetişdikcə onları tarlalardan, bostanlardan, bağlardan gətirərək müxtəlif çeşidli mürəbbələr, cemlər, souslar və s. hazırlayaraq yerli və xarici bazarlarda satırıq. Mağazada bazarlıq edərkən sadə insanların bizim məhsulları rəflərdən sevgi ilə götürüb öz səbətlərinə qoyduqlarını görürəm. Bir sahibkar kimi bunu ən böyük uğurum sayıram”.

A.Əhmədova qeyd edir ki, fəaliyyət göstərdikləri müddətdə şirkətin dövriyyəsindən əldə olunan vəsaiti yenidən sərmayə kimi qoyaraq öz fəaliyyətlərini genişləndirməyə çalışıblar. Bununla belə, “Novruz” brendini yaratdıqları zaman əlavə maliyyə vəsaitinə ehtiyac yaranıb bu ehtiyacı ödəmək üçün SİF-ə müraciət ediblər: “Fondun xətti ilə bu il dövlətdən aldığımız 100.000 manat kredit sayəsində böyük uğur qazandıq. Götürdüyümüz kreditlə banka, qapaq, xammal aldıq və istehsal etdiyimiz məhsulların hamısını xaricə ixrac edə bildik. İxrac dövriyyəmiz iki dəfə artdı. Əvvəllər şirkətin məhsullarının 50 faizi ixrac edilirdi. Kredit alandan sonra ixrac məsələsində özümüzü daha güvənli hiss edirik. Bu il bütün istehsalımızın 80 faizi ixraca yönəldilib. Mən bunu böyük nailiyyət sayıram”.

Azərbaycanda emal sənayesinin qadın sahibkarlar üçün qeyri-ənənəvi bir fəaliyyət sahəsi olduğunu vurğulayan A.Əhmədova İqtisadiyyat Nazirliyinin qadın sahibkarlığının inkişafına verdiyi dəstəyi xüsusi qiymətləndirir: “Adətən, qadın sahibkarlar emal sənayesində deyil, tekstil, kosmetika, sağlamlıq və digər sahələrdə çalışırlar. Mən sənaye sahəsində çalışıram. Fəaliyyətə təzə başlayan kiçik, təcrübəsiz sahibkar hansısa problemi olanda onun həlli yolunu bilmir. Bu problemlərin həlli üçün dövlət qurumları ilə açıq dialoq qurmaq imkanımız var. Dövlət qurumları, xüsusilə İqtisadiyyat Nazirliyi və onun strukturları olan KOBİA, SİF dialoqa çox açıqdırlar. İstədiyimiz zaman istədiyimiz məsələni onlarla açıq şəkildə müzakirə edə, onlardan yardım istəyə, onlarla məsləhətləşə bilirik. İqtisadiyyat Nazirliyinə bir partnyor, problemimiz olanda məsləhət ala biləcəyimiz bir tərəfdaş kimi baxırıq. Nazirlikdən hər zaman kömək görmüşük. İqtisadiyyat Nazirliyi, məncə, ölkəmizdə dialoqa daha açıq olan qurumdur. Burada əlaqələrin şəffaflaşmasına ehtiyac yoxdur, çünki artıq bütün proseslər kifayət qədər şəffafdır”.

İlhamə İSABALAYEVA