Dünyanın ən böyük çip istehsalçısı olan TSMC şirkəti (Tayvan) ABŞ-ın Arizona ştatında ən qabaqcıl çipləri istehsal edəcək zavoda qoyulan sərmayənin həcmini üç dəfə artırdığını elan edib. Noyabrın əvvəlində bildirilmişdi ki, TSMC Arizonada mövcud olan obyektinin istehsalını genişləndirmək üçün 12 milyard dollar ayırıb.
Şirkətin son açıqlamasında isə bildirilib ki, Arizona zavodu 2024-cü ildə N4 prosesindən istifadə edərək çiplər istehsalına başlamağa hazırlaşır və 2026-cı ildən zavod daha təkmil 3nm çiplərini istehsal etməyə başlayacaq.
TSMC-nin genişlənmə sərmayəsinin ümumi həcmi 40 milyard dollar təşkil edəcək ki, bu da ABŞ tarixində tək şirkətin qoyduğu ən böyük xarici investisiyalardan biri deməkdir. İstehsalın genişləndirilməsi hazırda 10 min nəfərin çalışdığı müəssisədə əlavə 10 min yeni iş yerinin də yaradılmasına imkan verəcək.
Qeyd edək ki, bu məlumat yayılan ərəfədə ABŞ prezidenti Cozef Bayden, “Apple” şirkətinin baş direktoru Tim Kuk və Arizona senatoru Mark Kellin TSMC şirkətinin obyektində olublar.