İnflyasiya və alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində 2022-ci ildə Almaniyada Yeni il hədiyyələri üçün xərclərin nəzərəçarpacaq dərəcədə azalacağı gözlənilir. EY konsaltinq şirkətinin apardığı araşdırma bunu göstərir.
Sorğunun nəticələrinə əsasən, ən çox aşağı və ya orta gəlirli almanlar qənaət edəcəklər. Xüsusilə, xalis illik gəliri 25.000 avrodan az olan ailələrin bayram xərclərini 2021-ci ildəki 158 avrodan 120 avroya qədər azaldacağı gözlənilir. Bu, 2008-ci ildən bəri müşahidə olunan ən aşağı göstəricidir.
“Hazırda istehlakçıların çoxu gündəlik dolanışığı təmin etməkdən narahatdır. Onlarda hədiyyə vermək əhval-ruhiyyəsi nəzərə çarpmır. Yüksək maaş alanlar üçünsə vəziyyət fərqlidir”, - EY-nin istehlak malları və pərakəndə satış şöbəsinin rəhbəri Mixael Renz bildirib.
Bundan əvvəl, noyabrın 29-da Böyük Britaniyada keçirilmiş sorğu göstərmişdi ki, ölkə sakinlərinin, demək olar ki, üçdə ikisi ərzaq qiymətlərinin yüksək olması səbəbindən Yeni il bayramı ziyafətinə pul çatdıra bilməyəcəklərindən ehtiyat edirlər. Bu qorxunu yaşayanlar arasında yaşlı nəslin nümayəndələri böyük əksəriyyət təşkil edir.
Respondentlərin 38%-i isə qəfildən evdə istilik sisteminin xarab olması kimi gözlənilməz xərclərlə üzləşsələr, bayram ziyafətini ləğv edəcəklərini bildiriblər.
Noyabrın sonunda Alman Federal İstehlakçılar Birliyi (VZBV) sorğu məlumatlarına istinad edərək almanların təxminən üçdə ikisinin yüksək inflyasiya səbəbindən gündəlik mallara qənaət etməyə məcbur olduğunu bildirmişdi. Araşdırmada iştirak edənlərin təxminən 61%-i daha ucuz ərzaq almağa başladıqlarını, 56%-i isə geyim xərclərini azaltdıqlarını göstərmişdi.