Nazirlər Kabinetinin 430 №-li Qərarına dair izaha əsasən, dövlət tərəfindən aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək tədbirləri çərçivəsində kənd təsərrüfatı texnikalarının əldə edilməsi zamanı vergi güzəştləri tətbiq edilir. Belə dəstək tədbirlərindən biri kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinin 2021-ci il 3 dekabr tarixinədək mövcud olan redaksiyasına əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub. ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların dəqiq siyahısının olmaması və onların bilavasitə kənd təsərrüfatı texnikası olmasının müəyyən edilməsi ilə bağlı yaranan problemlərin həlli məqsədilə Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində dəyişiklik edilmiş və istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin siyahısının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulub.
Bu Qərarla istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin konkret siyahısı müəyyən edilərək, həmin texnikaların istehsalı, satışı və idxalı prosesində onların təyinatı ilə bağlı yaranan qeyri-müəyyənliklərin, bununla bağlı vətəndaşların, gömrük, vergi və digər sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının qeyd olunan səbəblərdən yaranan əlavə iş yükünün aradan qaldırılmasına nail olunacaq.