İtaliya gələn ildən kriptovalyuta satışlarına 26 faizlik kapital artımı vergisi tətbiq edəcək

2022.12.05 13:07 (UTC+04:00)

İtaliyanın 2023-cü il büdcə layihəsinə əsasən, rəqəmsal aktivlərin satışından əldə edilən mənfəətin 2.000 avronu keçdiyi halda kapital artımına 26 faiz vergi tətbiq etmək planlaşdırılır.

İtaliyanın vergi orqanları indiyədək kriptovalyutalara daha aşağı vergi dərəcəsi müəyyənləşdirərək onları xarici valyuta kimi qəbul edirdilər. Lakin kriptovalyuta bazarında böyük qazancların əldə edilməsi imkanları mənfəətin vergiyə cəlb olunmasının yenidən qiymətləndirilməsinə səbəb oldu.

İtaliyanın yeni baş naziri Ciorcia Meloni hökuməti tərəfindən gündəmə gətirilən qanun layihəsi vergi ödəyicilərinə 1 yanvar 2023-cü ildən etibarən 14 faiz vergi ödəməklə aktivlərinin dəyərini bəyan etmək imkanı verir. Analitiklərin fikrincə, büdcə layihəsi İtaliya vətəndaşlarını öz rəqəmsal aktivlərini vergi bəyannamələrində göstərməyə təşviq etmək üçün bu şəkildə hazırlanıb.