- Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşünün yekunları, sizcə, nə ilə əlamətdar oldu?
- Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü uzunmüddətli əməkdaşlığın perspektivlərini bir daha təsdiqlədi. Görüş bir daha göstərdi ki, xarici ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat-kommunikasiya sektorunda əməkdaşlıq haqqında əldə edilmiş razılaşmalar praktiki müstəviyə keçib və prezidentlərin müzakirə edəcəyi məsələlər, planlar, proseslər var. İki ölkənin prezidentləri həyata keçirilən layihələrə müəyyən korrektələr edə bildilər.
- Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənd Sammitində hansı ən mühüm məsələlər müzakirə edildi?
- TDT Türkdilli Ölkələr Şurasının varisidir. Bu təşkilatın 2040-cı ilə qədər müəyyənləşdirilən Strategiyasında əsas məsələlər iqtisadi layihələri, investisiya əməkdaşlığının dərinləşdirilməsini, texnoloji əməkdaşlığın gücləndirilməsini, ekologiya sahəsini əhatə edir. Ən mühüm prioritet bu ölkələrin nəqliyyat şəbəkələrinin qarşılıqlı əlaqəsini təmin edəcək nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsidir.
Rəqəmsal sektorun inkişafı, eləcə də bir sıra humanitar məsələlər, o cümlədən idman və təhsil ciddi əhəmiyyət daşıyır. Bundan əlavə, Türk Dövlətlərinin İnvestisiya Fondu yaradılıb. TDT-nin İnkişaf Bankının yaradılması istiqamətində fəal iş gedir. İnvestisiyaların qarşılıqlı əlaqəsi əsas məsələlərdəndir və artıq bu istiqamətdə konkret həll yolları mövcuddur.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə Mərkəzi Asiya ölkələri vasitəsilə
Çin və Türkiyəni birləşdirəcək daha bir yüksək tələbatlı nəqliyyat dəhlizi əldə edəcəyik
- Nəqliyyat və tranzit sahəsində yeni Çin-Qırğızıstan-Özbəkistan-Xəzər dəmir yolunun tikintisinə və istismarına başlanılması nəzərdə tutulur. Bu marşrutun perspektivlərini necə qiymətləndirirsiniz?
- 1997-1998-ci illərdə bu beynəlxalq nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü irəli sürüləndən bəri hər dəfə müəyyən problemlər yaranırdı. 2017-ci ildə Özbəkistanda Prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə bu layihəyə də yeni nəfəs gəldi. Layihə Özbəkistanın milli nəqliyyat siyasətinin əsas prioritetlərindən birinə çevrildi, bu dəmir yolu marşrutu ilə bağlı Qırğızıstanla konsensus əldə edildi. Hazırda layihənin maliyyələşdirilməsi nəzərdən keçirilir.
Bu marşrut Çindən başlayıb Orta Asiyadan keçən yolu Xəzər dənizi üzərindən Ələtə bağlayacaq. Nəzərə alsaq ki, Azərbaycan artıq Bakı-Tbilisi-Qars Cənubi Qafqaz dəmir yolu dəhlizinin istismarına başlayıb, biz Türkiyənin Aralıq dənizi limanlarına çıxış imkanı əldə edəcəyik. Bu, həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın nəqliyyat və tranzit potensialının reallaşmasına ciddi təsir göstərəcək.
Biz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə Mərkəzi Asiya ölkələri vasitəsilə Çin və Türkiyəni birləşdirəcək daha bir yüksək tələbatlı nəqliyyat dəhlizi əldə edəcəyik. Gözlənilir ki, bu xətlə ilk mərhələdə ildə 10 milyon tona qədər yük daşına bilər.
Nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi
nəticəsində iqtisadi fəallıqda kəskin yüksəliş əldə edəcəyik
- Sizcə, Özbəkistan iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorları maraqlandıra bilər?
- Bu gün ölkələrimiz arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Xarici ticarət dövriyyəsi artır. Özbəkistan-Azərbaycan birgə avtomobil yığımı müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, əczaçılıq sektoru, ipəkçilik, kənd təsərrüfatı, nəqliyyat və loqistika sahələrində əməkdaşlıq böyük maraq doğurur.
- Qafqaz və Mərkəzi Asiya regionları arasında mövcud iqtisadi əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
- Son zamanlar xarici ticarətdə artım müşahidə edirik. Bununla yanaşı, əməkdaşlığın tempi artmalı və daha böyük nəticələr əldə edilməlidir. Xalqlarımızı möhkəm tarixi, dini bağlar birləşdirir. Gözlənilir ki, nəqliyyat sektorunda əməkdaşlığın genişlənməsi nəticəsində iqtisadi fəallıqda kəskin yüksəliş əldə edəcəyik. Hesab edirəm ki, bu gün dünyada gedən geosiyasi proseslər bizim qarşılıqlı fəaliyyətimizə ciddi mənfi təsir göstərməyəcək.
Transxəzər marşrutu layihəsini gerçəkləşdirə bilsək, regionlarımızda yük axını
artacaq və nəqliyyat kommunikasiyalarının mərkəzi kimi Azərbaycanın rolu artacaq
- Dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarırlar. Bu kontekstdə Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?
- Azərbaycan unikal coğrafi mövqeyə və böyük nəqliyyat-loqistika potensialına malikdir. Bakı həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba nəqliyyat axınlarının kəsişməsində yerləşir. Azərbaycanın xarici iqtisadi siyasəti coğrafi mövqeyinin üstünlüklərindən istifadə etməyə yönəlib.
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi mühüm layihəni həyata keçiriblər. Transxəzər marşrutu layihəsini gerçəkləşdirə bilsək, regionlarımızda yük axını artacaq və nəqliyyat kommunikasiyalarının mərkəzi kimi Azərbaycanın rolu artacaq.
Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında əlavə alternativ marşrut rolunu oynayacaq və Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına çıxışı təmin edəcək. Bu dəhlizin böyük perspektivləri var və mövcud Cənubi Qafqaz dəmir yolu ilə birlikdə yüklərin və insanların daşınmasında mühüm rol oynayacaq.
Tamilla MƏMMƏDOVA