İşğaldan azad edilmiş ərazilərdə layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılıb

2022.12.02 10:56 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə icrası nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə dair müraciətlər daxil olub. Bu barədə “vergiler.az”a Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.

Onun sözlərinə görə, müraciətlər üzrə təhlillər aparılıb və layihələrin maliyyələşdirilməsi üçün lazımı vəsait ayrılıb.

“Söhbət qida və kənd təsərrüfatı sektoru üzrə layihələrdən gedir ki, onların birinə 1,5 milyon manat, digərinə isə 200 min manat vəsait ayrılıb. Hər iki layihə yerli şirkətlər tərəfindən icra olunacaq”, - deyə O. Xaliyev bildirib.

Fondun İdarə Heyətinin sədri əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər var və növbəti illərdə onların sayının bu ərazilərdə infrastrukturun bərpası ilə paralel olaraq artacağı gözlənilir.