Elektron sığorta müqavilələrinə dair məlumatların əldə olunması ASANlaşdı

2022.12.01 12:44 (UTC+04:00)

İcbari Sığorta Bürosunun (İSB) İnformasiya Sistemində bağlanmış elektron icbari sığorta müqavilələri və sığorta hadisələri barədə məlumatların əldə edilməsi üçün yaradılan şəxsi sığorta kabinetinin imkanları genişləndirilir. Bürodan “vergiler.az”a verilən məlumata görə, şəxsi kabinetdən daha çox vətəndaşın istifadə edə bilməsi üçün ASAN Login sistemi ilə inteqrasiya tam yekunlaşdırılıb. Artıq mobil nömrə ilə ASAN Login sistemindən qeydiyyatdan keçən vətəndaşlar şəxsi sığorta kabinetinə daxil olub elektron sığorta müqavilələri və sığorta hadisələrinə dair məlumatları əldə edə biləcəklər. Bunun üçün ASAN Login sistemindən əldə edilmiş istifadəçi adı və şifrə ilə https://asanlogin.my.gov.az/auth?origin=https linkindəki şəxsi kabinetə daxil olmaq lazımdır.

Qeyd edək ki, şəxsi kabinetlərə giriş imkanının e-imzalar ilə məhdudlaşdırılması e-imza sahibi olmayan vətəndaşların şəxsi kabinetdən istifadəsinə maneə yaradırdı.

ASAN Login sistemi ilə İSB-nin informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması nəticəsində identifikasiya nömrəsinə sahib 3 milyona yaxın vətəndaş sığorta müqaviləsi və sığorta hadisəsi üzrə məlumatlarını şəxsi kabinet vasitəsilə izləyə bilmək imkanına sahib olacaq.

Xatırladaq ki, İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: Bu növlərin ikisi - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü artıq elektronlaşdırılıb. “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Sərnişinlərin icbari fərdi qəza sığortası” növlərinin elektronlaşdırılması istiqamətində isə işlər davam etməkdədir.