Bələdiyyələrdə uçot işinin aparılmasında problemlər qalır

2019.05.03 14:41 (UTC+04:00)

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında səsləndirilmiş məlumata əsasən, bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna olan borcları ötən ilə nisbətən 2 dəfə azalıb. Qeyd edilib ki, bələdiyyələrin fəaliyyətində bir sıra uğurlar əldə olunmasına baxmayaraq, bəzi çatışmazlıqlar hələ də qalır. Bəzi bələdiyyələrin vəzifəli şəxsləri öz işlərinə məsuliyyətsiz yanaşır, bir sıra hallarda isə qanunsuzluqlara yol verirlər. Bu, vergi yığımı işində özünü daha çox göstərir. Hazırda 64 bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna borcu yaranıb. Bəzi bələdiyyələrin vəzifəli şəxslərinin öz işlərinə məsuliyyətsiz yanaşmasının nəticəsidir ki, onlar qanunvericiliklə müəyyən edilmiş gəlir mənbələrindən səmərəli istifadə edə bilmirlər.

Qeyd olunub ki, yerli büdcənin həcmi də xeyli azalıb və bu, birbaşa uçot işinin düzgün aparılmaması və vergi yığımı sahəsində məsuliyyətsizliklə bağlıdır. Vergi və ödənişlərin lazımi səviyyədə yığılmamasının əsas səbəbləri tədiyyəçilərin tam həcmdə uçota alınmaması ilə əlaqələndirilib. Vurğulanıb ki, əvvəllər tədiyyəçilərin uçota alınmasında, vergi və ödənişlərin düzgün hesablanması və tədiyyəçilərə bildirişin çatdırılmasında, eyni zamanda, aidiyyəti statistik məlumatların operativ hazırlanmasında çətinliklər var idisə, hazırda bu çətinliklər milli assosiasiyaların dəstəyi nəticəsində bələdiyyələrin istifadəsinə verilmiş BAMS proqramı vasitəsilə aradan qaldırılıb.