Gələn ildən Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızlar satmasına icazə verilə biləcəyi ilə bağlı məlumatlar səsləndirilir. Mövzu ilə bağlı fikirlərini “vergiler.az”la bölüşən maliyyə mütəxəssisi Cəfər İbrahimli bankların daxil olması ilə bazarda rəqabətin artacağını deyir.
C.İbrahimlinin sözlərinə görə, bu, investisiya şirkətlərinə də əlavə imkanlar yarada bilər: “Bununla banklar öz vəsaitlərini investisiya edə biləcəklər. Onların birbaşa qiymətli kağızlar bazarına çıxmaq imkanları olacaq, lisenziya alacaq və qiymətli kağızları alıb-çatacaq, özləri öz aktivlərini idarə edəcəklər. Ancaq müştərilərə vasitəçilik xidməti göstərə bilməyəcəklər. Müştərilərə xidməti yalnız investisiya şirkətləri göstərməli olacaq. Yəni investisiya şirkətləri tam ləğv olunmur. Bankların bazara daxil olması rəqabət mühitini daha da gücləndirəcək”.
Qiymətli kağızlar bazarına daxil olan bankların səlahiyyətlərinə gəlincə, C.İbrahimli bildirib ki, bunlar hələ dəqiq müəyyənləşməyib. Həmin səlahiyyətlər Mərkəzi Bankın daxili prosedur qaydalarında əksini tapacaq: “Bankların kapital bazarına cəlb olunması uzunmüddətli dövlət strategiyasında əksini tapıb. Belə anlaşılır ki, bankların qiymətli kağızlar bazarına birbaşa çıxışı, rüsum və xərclərin azaldılması, çevikliyin artırılması vəsait dövriyyəsinin sürətlənməsinə gətirib çıxaracaq. Bu rəqabət bazarın inkişafına təkan verir. Digər tərəfdən, banklar izafi likvidliyini daha sürətli, daha çevik idarə etmək imkanı qazanacaq. Banklar hazırda qiymətli kağızlar bazarına investisiya şirkətləri vasitəsilə çıxdıqlarına görə əlavə maliyyə xərcləri yaranır. Buna görə banklar bəzən əməliyyatlardan imtina edirlər. Amma yeni şəraitdə aradakı vasitəçilik xidmət xərcləri ortadan qalxdığı üçün əməliyyatlar banklar üçün daha cəlbedici olacaq”.
C.İbrahimlinin fikrincə, banklar qiymətli kağızlar bazarına birbaşa daxil olduqda öz korparativ müştəriləri üçün kapital bazarına istiqraz üzərindən maliyyələşmə təklif edə bilər. Bu zaman istiqrazların alınmasında, yerləşdirilməsində bankın daha böyük imkanları yaranacaq. Həmçinin, əgər banklar vasitəçilik xidmətləri göstərəcəksə, bu, regiondakı insanların investisiya imkanlarını artıra bilər”.
İndiki halda bir sıra investisiya şirkətlərinin əldə etdiyi gəlirlərin təxminən 50 faizlik hissəsinin banklara göstərdiyi xidmətlərdən formalaşır. Banklar bazara birbaşa çıxdıqdan sonra həmin şirkətlərin bu gəlirləri azala bilər. C.İbrahimli qeyd edir ki, onlar bunu kompensasiya etmək üçün biznesin inkişafı strategiyasını və xidmətlərini dəyişməklə həmin vəsaitləri başqa istiqamətdən əldə edə bilərlər: “Xüsusilə, gözlənilir ki, həmin şirkətlər investisiya xidməti göstərəcək, yəni daxili və xarici bazarda daha çox investisiya edib öz kapitalını yaxşı idarə edəcək, oradan gəlir əldə etmək imkanları qazanacaq. Məsələn, bazar onları məcbur edəcək ki, portfel idarəçiliyinə diqqəti artırsınlar. Növbəti dönəm üçün bazara kollektiv investisiya alətlərinin gətirilməsi nəzərdə tutulur. Bu, “İnvestisiya fondları haqqında” Qanunda da nəzərdə tutulub. Kollektiv investisiya mexanizminin inkişaf etdirilməsi üçün payçı fondlar, cəmiyyətlər yaradılacaq. Bu cür yeni maliyyə alətlərinin investisiya yönümünü genişləndirəcəyinə ümid edirik. İnvestisiya şirkətləri də bu sahələrdən gəlir əldə edə biləcəklər”.