Hindistan üç ay qüvvədə olan düyü ixracı qadağasını ləğv edib

2022.12.02 13:36 (UTC+04:00)

Hindistan Xarici Ticarət Baş İdarəsinin (DGFT) yaydığı rəsmi açıqlamaya görə, hökumət təxminən üç ay əvvəl tətbiq etməyə başladığı orqanik qeyri-basmati düyü ixracına qoyulan qadağanı ləğv edib.
Federal Ticarət və Sənaye Nazirliyinə tabe olan DGFT, əsasən, xarici ticarətin tənzimlənməsi və təşviqi ilə məşğul olur.

Düyü ixracı qadağası qış məhsuldarlığının aşağı olacağı ilə bağlı narahatlıqların artması fonunda daxili təchizatı təmin etmək məqsədilə tətbiq edilmişdi.

Federal hökumət o vaxt yerli tədarükü artırmaq üçün ixracına icazə verilən düyü növlərinə də 20 faizlik ixrac vergisi tətbiq etməyə başlamışdı.

Qadağa mümkün düyü qıtlığı təhlükəsinin sovuşmasından sonra ləğv edilib. Sentyabrın əvvəlində qüvvəyə minən qadağanı qoyarkən federal hökumət bu mövqedə idi ki, çəltik əkilən ümumi ərazinin sahəsi əvvəlki illə müqayisədə daha az olacaq və bu, həm yığılan məhsulun kəmiyyətinə, həm də qiymət artımına təsir göstərə biləcək.

Qeyd edək ki, Hindistanda qış məhsulunun becərmə mövsümü iyun-iyul aylarında başlayır və məhsul oktyabr-noyabr aylarında yığılır.