Sirac Piriyev: “Vergi mədəniyyəti daha da yüksələcək”

2022.12.02 18:05 (UTC+04:00)

Son 5-10 ildə Azərbaycanda vergi mədəniyyəti davamlı şəkildə yüksəlir. Bunu “vergiler.az”a Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Sirac Piriyev bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda vergi qanunvericiliyində kifayət qədər dəyişikliklər olub: “2019-cu ildən başlayaraq vergi qanunvericiliyinə edilən dəyişikliklərin bir çox hissəsi “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması, həmçinin vergi ödəyicilərinin vergi yükünün azaldılması istiqamətində olub. Bu gün sahibkarlar qanunvericiliyin verdiyi güzəşt və imkanlardan istifadə etməklə öz fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Düşünürəm ki, bu tendensiya davam etdikcə, vergi ödəmək öhdəliyi üzrə stimullaşdırıcı tədbirlərin miqyası genişləndikcə vergi ödəyicilərinin vergi mədəniyyəti daha da yüksələcək. Vergi mədəniyyətinin yüksəlməsini istəyiriksə, sanksiyalaşdırma siyasəti əvəzinə stimullaşdırıcı tədbirləri daha da artırmaqla sahibkarları buna təşviq etmək olar. “ƏDV geri qaytar” layihəsi buna əyani misaldır”.