Türkiyə Aİ sərhədlərini Balkanlardan Gürcüstana qədər genişləndirməyə çağırıb

2022.12.01 13:32 (UTC+04:00)

“Avropa İttifaqının genişlənməsi ilə bağlı yeni prosesə başlamaq zəruridir. Onun sərhədləri Balkanlardan Gürcüstana qədər uzanmalı, Ukrayna və Moldovanı da əhatə etməlidir”. Bu bəyanatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə səsləndirib.

Onun fikrincə, bu region “Türkiyənin orada iştirakı olmadan tam ola bilməz”.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, Ukraynadakı vəziyyət Avropada təhlükəsizlik arxitekturasının yenidən formalaşdırılması zərurətindən xəbər verir.

Çavuşoğlu həmçinin NATO-nu milli təhlükəsizliyə təhdidlərlə, o cümlədən terrorizmlə mübarizədə bölücü xətlər çəkməməyə çağırıb: “NATO müttəfiqləri bu məsələdə Türkiyənin yanında olmalıdır. Unutmaq olmaz ki, alyansda ən böyük terror təhlükəsi ilə üzləşən ölkəmiz olub”, - deyə nazir bildirib.