Natia Meparişvili: “Azərbaycandakı qadın sahibkarların mütərəqqi baxışları və iqtisadi təhlilləri məni heyran etdi” MÜSAHİBƏ

2022.11.30 10:05 (UTC+04:00)

- Yaxın qonşumuz olan Gürcüstanda qadın sahibkarlığının inkişafı ilə bağlı işlər necə gedir?

- Sualınıza təşkilatımızın təcrübəsinə əsaslanıb cavab verməyə çalışacağam. Diqqət çəkən odur ki, son 5-7 il ərzində qadınlar əvvəllər populyar olmayan və kişilər üçün daha əlverişli sayılan sahələri mənimsəyiblər. Bura kənd təsərrüfatı, şərabçılıq, logistika xidmətləri, tikinti və digər sahələr daxildir.

Bu sahələr yaxşı inkişaf etmişdir, lakin bu sahələrdə qadınların daim problemləri olur. Məsələyə daha dərindən baxmaq üçün gender tarazlığı istiqamətində dəyişiklikləri və dinamikanı statistik qiymətləndirmə daha aydın əks etdirə bilər. Gürcüstanda kişilərin 74,8%-i, qadınların 56,3%-i hesab edir ki, qadın peşəkar karyerasından çox ailədəki roluna görə qiymətləndirilməlidir. Bu münasibət öz ifadəsini statistikada aydın göstərir. Gürcüstan Statistika Agentliyinin məlumatlarına görə, ölkədə 2019-cu ildə 14.451 qadın sahibkarlıq fəaliyyətinə başladığı halda, eyni dövrdə 27.490 kişi biznes müəssisəsini qeydiyyatdan keçirib.

Qadın sahibkarlar, əsasən, mikro, kiçik və orta şirkətləri təmsil edirlər. Statistikaya görə, qadınlar daha çox fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Qadın startaplarının sayının artması isə çox sevindiricidir, qadınlar öz ideyalarını biznesə çevirməyə, sonra isə onu inkişaf etdirməyə çalışırlar.

Müasir dünyada belə bir fikir var ki, qadınların bizneslə məşğul olması daha çətindir

Məlumdur ki, qadınların maliyyə imkanlarının artırılması inkişaf üçün vacibdir. Sahibkarlıq bacarıqlarının inkişafına daha çox önəm verilməsi arzuolunandır. Biz və digər qeyri-hökumət təşkilatları müxtəlif mövzularda təlimlər keçməyə çalışırıq. Bu, qadınlara ilk növbədə biznes ideyasını öncədən planlaşdırmağa kömək edir, ikincisi, gələcək inkişafın mümkün yolları haqqında düşünməyə yardım edir. Müasir dünyada belə bir fikir var ki, qadınların bizneslə məşğul olması daha çətindir. Ona görə də Avropa İttifaqı müxtəlif layihə və proqramlar vasitəsilə qadınların iqtisadiyyatda rolunu gücləndirməyə çalışır.

- Qadın sahibkarlığının inkişafında hansı yeni tendensiyalar müşahidə olunur?

- Bu tendensiyalardan biri təcrübə əsasında bilik mübadiləsidir. Bunun bariz nümunəsi Gürcüstanda Qadın Biznes Şurası (WBCG) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AWEDA) tərəfindən həyata keçirilən birgə layihəmizdir. Layihə "Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” adlanır.

- Sizcə, biznesə yanaşmada gender fərqləri nədən yaranır?

- Ölkənin həm coğrafi, həm də mədəni xüsusiyyətlərinə görə fərqliliklər var. Ölkədə mövcud olan stereotiplər də xarakterikdir. Məsələn, Gürcüstanda qadınların daşınmaz əmlak biznesində iştirak imkanı azdır və buna görə əmlak biznesi qurmaq və ya onu daha da inkişaf etdirmək üçün kredit götürmək qadınlar üçün çətindir. Qadınlar biznesdə çox iddialıdırlar, fəaliyyətlərini genişləndirmək üçün biliklərini dərinləşdirməyə çalışırlar. Çünki anlayırlar ki, öz gəliri, öz pulu olan qadın müstəqil olur, azad olur və kişi zorakılığından daha çox qorunur.

İnsanın potensialı böyükdür, lakin vacib olanı budur ki, qadınlar
istədikləri fəaliyyət sahəsini seçməkdə maneələrlə üzləşməsinlər

- Qadın sahibkarlığına hansı qurumlar dəstək verməlidir? Sizcə, biznesin hansı sahələri qadınlar üçün daha uyğundur?

- Qadınların iqtisadi imkanlarının artırılması və müdafiəsi istiqamətində fəaliyyət göstərən təşkilatlar, təbii ki, donor təşkilatlar və dövlət qurumları qadın sahibkarlığının yanında olmalıdır. Bu məsələdə bizim kimi assosiasiyalar həqiqətən də böyük rol oynayırlar. Bu, dövlətlə özəl sektor arasında dialoqun çox mühüm aspektini ehtiva edir.
Hər gün daha çox qadın stereotipləri aşmağa çalışır və öz peşəkar bacarıqlarını inkişaf etdirmək üçün yorulmadan çalışır. İnsanın potensialı böyükdür, lakin vacib olanı budur ki, qadınlar istədikləri fəaliyyət sahəsini seçməkdə maneələrlə üzləşməsinlər.

- Azərbaycanda qadın sahibkarlığının inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycandakı qadın sahibkarların mütərəqqi baxışları və iqtisadi təhlilləri məni heyran etdi. Hesab edirəm ki, bizim birgə layihəmiz çox əhəmiyyətlidir. Gələcəkdə iki qonşu ölkədə qadın sahibkarların işgüzar əməkdaşlığının və tərəfdaşlığının uğurları haqqında eşitmək istərdim. Təşkilatımız bu istiqamətdə işləməkdən, iki qonşu ölkənin qadın sahibkarları arasında işgüzar əməkdaşlığın dərinləşməsinə töhfə verməkdən məmnun olacaq. Əminəm ki, azərbaycanlı tərəfdaşlarımızla birlikdə əməkdaşlığın inkişafına daim kömək edəcəyik.

Tamilla MƏMMƏDOVA