Rusiyadan ixrac edilən günəbaxan yağına rüsum dekabr ayında da sıfır dərəcədə saxlanılıb

2022.11.29 14:13 (UTC+04:00)

Rusiyadan günəbaxan yağının ixracı üçün tutulan rüsum dekabrın 1-dən sentyabr və oktyabr aylarında olduğu kimi sıfır dərəcədə qalacaq, günəbaxan cecəsinə görə tutulan ixrac rüsumu isə bir ton üçün 79,8 rubla (1,3 dollar) qədər azaldılacaq. Bu barədə TASS agentliyinin Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən yaydığı xəbərdə bildirilib.

Günəbaxan yağının rüsum dərəcəsi dekabr ayında bir ton üçün 1.178,1 ABŞ dolları məbləğində indikativ qiymətə əsasən hesablanıb. Noyabrda ixrac rüsumu bir tonun qiyməti 1.319,1 dollar nəzərə alınmaqla sıfır dərəcə ilə müəyyənləşdirilib.

Dekabrda günəbaxan cecəsinin ixrac rüsumu bir ton üçün 231,1 dollar indikativ qiymət əsasında hesablanıb. Noyabrda bu rəqəm 252 dollar olmuşdu.

Rusiya Federasiyasında 2021-ci il sentyabrın 1-dən 2022-ci il avqustun 31-dək olan dövr üçün günəbaxan yağı üçün çevik ixrac rüsumu tətbiq edilib. İyulun əvvəlində hökumət günəbaxan yağı, günəbaxan cecəsi və günəbaxan tumu üçün ixrac rüsumları ilə bağlı qərarın müddətini 2023-cü il avqustun 31-dək uzadıb, eyni zamanda yağ və cecə üçün rüsumların hesablanmasını rubla keçirib.