Topdansatış ticarət obyektlərindən malların təqdim edilməsi necə rəsmiləşdirilməlidir?

2022.11.28 10:17 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, topdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni zamanda vergi ödəyiciləri ilə bağlanmış müqavilə əsasında onların işçiləri tərəfindən alınan yanacaqlara görə elektron qaimə-faktura ilə yanaşı nəzarət-kassa aparatının çeki təqdim edildiyi halda vergitutma məqsədləri üçün həmin əməliyyatlara bir əməliyyat kimi baxılmalı və vergi orqanına bu əməliyyatlar barədə məlumatlar təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 71-1-ci maddələri.