İslahatlar iqtisadi inkişaf üçün möhkəm təməl yaradır

2022.11.28 15:25 (UTC+04:00)

• Bu ilin yanvar-oktyabr aylarında ÜDM 111 milyard 28,2 milyon manat olub.

• Ölkəmiz 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur.

• İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi təmin olunacaq.

Son illər həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı genişlənib, iqtisadiyyatın şaxələndirilməsi və “kölgə iqtisadiyyatı”nın həcminin əhəmiyyətli şəkildə azalması istiqamətində mühüm nəticələr əldə edilib. Beləliklə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş hədəflərin reallaşdırılması üçün əlverişli mühit yaranıb. Ölkəmizdə iqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları davamlı makroiqtisadi sabitlik və dayanıqlı iqtisadiyyat üçün güclü potensial yaradıb.

İqtisadi artım davam edir

Bu ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul (ÜDM) əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 111 milyard 28,2 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,7 faiz artaraq 56 milyard 55,9 milyon manat olub. Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-oktyabr aylarına nisbətən 5,9 faiz artmışdı. Bu dövrdə əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 11 milyard 774,5 milyon manat olub. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla, özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3 faiz artaraq 3 milyard 82 milyon manat təşkil edib. Xüsusilə qeyri-neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur. İqtisadi artımın davam etməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatda şəffaflığın artması sahibkarlar üçün əlavə təşviqlərin yaradılması və biznes mühitinin təkmilləşdirilməsi ilə müşayiət olunur.

Yeni çağırışlar iqtisadiyyat üçün böyük imkanlar vəd edir

Ölkəmiz postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiyayönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi iqtisadiyyatın qlobal dəyişikliklər zəncirinə səmərəli inteqrasiyasını təmin edir. 2019-cu ildən etibarən biznes sahəsində şəffaf fəaliyyəti təmin edən alətlərin tətbiqi iqtisadi imkanları genişləndirir. Yeni iqtisadi hədəflər dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyaların məkanı, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, təmiz ətraf mühit və “yaşıl” artım ölkəsi kimi strateji istiqamətləri əhatə edir.

Yeni dövr xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə biznes üçün əlverişli imkanlar vəd edir. Belə ki, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınaraq sahibkarlıq fəaliyyəti həyata keçirən real sektor subyektləri vergi güzəştlərindən faydalana biləcəklər. İşğaldan azad edilmiş ərazilərdə uçota alınacaq vergi ödəyiciləri mənfəət, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəştlər əldə edəcəklər. İstehsal fəaliyyəti sahələri üzrə xammalın ölkə ərazisinə idxalının da 10 il müddətinə vergilərdən azad edilməsi nəzərdə tutulub. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin turizm potensialı nəzərə alınaraq, əmlak, torpaq, mənfəət vergi güzəştləri ilə yanaşı, əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması üzrə faiz dərəcəsi 30 faiz müəyyən olunub. Bu da o deməkdir ki, həmin xidmətlərə 12,6 faiz ƏDV dərəcəsi tətbiq ediləcək. Həmçinin bu ərazilərdə fəaliyyət gösətərənlər üçün əmək şəraitinin daha yüksək standartlara uyğunlaşdırılması nəzərdə tutulub. O cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi təmin olunacaq. Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənir. Qarşıdakı dövrdə bu bölgənin böyük iqtisadi potensialı yaranacaq və Azərbaycan iqtisadiyyatına kifayət qədər töhfə verəcək.

Göründüyü kimi, iqtisadiyyatımızın gücləndirilməsi, dövlət–özəl tərəfdaşlığının təşviqi və ən əsası, şəffaflığın əhatə dairəsinin genişlənməsi davamlı iqtisadi artımı təmin edir, bu isə xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə və dayanıqlı rifaha istiqamətləndirir.

Gülay NƏBİYEVA