Sahibkar Anar Orucov: “Daim dövlətin və Prezident İlham Əliyevin dəstəyini hiss etmişik”

2022.11.25 17:22 (UTC+04:00)

Azərbaycanda sahibkarlıq subyektləri üçün maliyyə əlçatanlığı artırıldıqca, investisiya layihələrinin maliyyələşmə mexanizmləri təkmilləşdirildikcə dövlətdən güzəştli şərtlərlə kredit alan iş adamlarının da sayı artır. Bu, ölkədə yeni iş yerlərinin açılmasına şərait yaratmaqla yanaşı, yerli istehsalın genişlənməsinə, iqtisadi aktivliyin artmasına gətirib çıxarır.

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC ölkə iqtisadiyyatına 140 milyon manat investisiya qoyub”

Dövlətin verdiyi güzəştli kreditdən yararlanan müəssisələrdən biri də “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-dir. 102 işçinin çalışdığı bu müəssisə 2010-cu ildə kənd təsərrüfatının inkişafı və qida təhlükəsizliyinin təmin olunması məqsədilə pilot layihə çərçivəsində 100 faiz Almaniya kapitallı “Ağstafa Aqroservis” MMC kimi yaradılıb. 2016-cı ildən “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC adı ilə fəaliyyət göstərən müəssisə 2020-ci ilin əvvəlində aqropark statusunu alıb. Müəssisənini direktoru Anar Orucov bildirir ki, hazırda müəssisənin istifadəsində əkin təyinatlı 2.740 hektar torpaq sahəsi, eləcə də yeni dövriyyəyə salınacaq 3.805 hektar təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi, 36.000 ton dənli bitkinin saxlanması üçün ən müasir ilkin təmizləmə, qurutma və silodaxili monitorinq avadanlıqları ilə təchiz edilmiş silo kompleksi, dənli, paxlalı bitkilər üçün ən qabaqcıl istehsal xətti, un istehsalı dəyirmanı, tam və yarımfabrikat çörəkbişirmə xətti mövcuddur. Əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı olan müəssisə tikinti və logistika sektoru üzrə bir neçə ixtisaslaşmış şirkəti satın alıb və onlar hazırda törəmə müəssisələr kimi fəaliyyət göstərir. “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC törəmə müəssisələri ilə birlikdə Azərbaycan iqtisadiyyatına 2010-2022-ci illər ərzində 140 milyon manat civarında investisiya yatırıb.

“Dövlətin göstərdiyi ən mühüm dəstək formalarından biri investisiya təşviqi sənədinin verilməsidir”

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Anar Orucov bildirir ki, rəhbərlik etdiyi müəssisə fəaliyyəti dövründə daim dövlətin və Prezident İlham Əliyevin dəstəyini hiss edib: “Prezident İlham Əliyev 2012, 2016 və 2020-ci illərdə Ağstafa rayonuna səfərləri zamanı bizim müəssisədə olub, öz dəstəyini göstərib və müvafiq tapşırıqlarını verib. Biz də fəaliyyətimizi bu tapşırıqlara uyğun davam etdirmişik. Dövlətin göstərdiyi ən mühüm dəstək formalarından biri investisiya təşviqi sənədinin verilməsidir”.

Müəssisəyə 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən 7 il müddətinə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd investisiya qoyuluşu zamanı texnoloji avadanlıqların idxal rüsümlarından azad olmasına və zəruri vergi güzəştlərinin edilməsinə şərait yaradır.

A.Orucov qeyd edir ki, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 2019-cu ildə 5.000.000 manat kredit əldə edib və bu məbləğ müvafiq texnoloji avadanlıqların alınmasına sərf olunub.

“Kredit resursları əldə etmək baxımından bizim heç bir problemimiz yoxdur, kreditin verilməsi şərtləri bizi qane edir”, - deyən MMC direktoru vurğulayır ki, COVİD-19 pandemiyasının geniş yayıldığı 2020-2021-ci illərdə dövlət tərəfindən sahibkarların itkilərini qarşılamaq üçün hazırlanmış proqram çərcivəsində onlara da kredit faizlərinin subsidiyalaşdırılması və digər dəstək mexanizimləri təklif olunsa da, dövlətə əlavə maliyyə yükü yaratmamaq üçün bu təkliflərdən yararlanmayıblar.

“İqtisadiyyat Nazirliyi hər zaman sahibkarların yanındadır”

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC və törəmə şirkətlərinin icrası nəzərdə tutulan və ya yarımçıq qalmış bir neçə layihəsi var. A.Orucov qeyd edir ki, Ağstafa rayonunda 11,2 hektar ərazidə inşa edilən yeraltı soyuducu depo və 202 yerlik hotel kompleksinin tikintisinə başlanılıb. Müəssisənin istifadəsində olan və yeni dövriyyəyə salınacaq potensial 5.490 hektar torpaq sahəsində müasir pivot suvarma sistemlərinin qurulması nəzərdə tutulur. Əkin təyinatlı 570 hektar torpaqda ilkin pivotun qurulması üçün fəal iş aparılır. Ağstafa rayonunun Gürcüstanla sərhəddəki Böyük Kəsik qəsəbəsində, Avropanı Çin ilə birləşdirən yol üzərində yükdaşıyan avtomobillərin yüklərinin saxlanılması, komplektəşdirilməsi və digər zəruri prosedurların icrası üçün beynəlxalq loqistika mərkəzinin inşası planlaşdırılır. Loqistika layihələri və soyuducu deponun inşası üçün tələb olunan investisiya vəsaitlərinin fərqli beynəlxalq maliyyə institutları tərəfindən ayrılması ilə əlaqədar ilkin razılıqlar əldə olunub.

Layihələrin həyata keçirilməsinin İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq şəraitində mümkün olacağına əminliyini ifadə edən A.Orucov bildirir ki, nazirlik sahibkarların investisiya qoyuluşu imkanlarının artırılması, iqtisadiyyatın güclənməsi məqsədilə müasir dövrə uyğun islahatlar aparır: “Ümid edirəm ki, indiyə qədər olduğu kimi, bundan sonra da İqtisadiyyat Nazirliyi sahibkarların yanında olacaq, onların yatırdığı investisiyanın ölkə iqtisadiyyatına tam töhfə verə bilməsi üçün təminatçı kimi çıxış edəcək”.

İlhamə İSABALAYEVA