- Ahmet bəy, hazırda dünya vergi sistemində mövcud olan təmayülləri necə səciyyələndirmək olar?
- Pandemiyadan əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin gündəmində iki mühüm vergi mövzusu var idi: birincisi, qlobal səviyyədə tətbiq olunacaq korporativ vergi, digəri isə elektron əməliyyatların uçotu və vergiyə cəlb edilməsi. Pandemiya dövründə də bu mövzular üzərində iş davam etdirildi.
Transfer qiymətləri vasitəsilə vergidən yayınan şirkətlərin vergiyə cəlb edilməsi məqsədilə qlobal korporativ verginin tətbiqi yaxın vaxtlarda yenidən müzakirə olunacaq. Ölkələr elektron əməliyyatların vergiyə cəlb edilməsi üçün öz daxili qaydalarını təkmilləşdirirlər.
Şübhəsiz ki, son bir ildə İƏİT ölkələri üçün ən mühüm iqtisadi problem inflyasiyanın artmasıdır. İnflyasiyanın xərc mənşəyi olması səbəbindən xərcləri idarə etməyə çalışan hökumətlər daha çox bu istiqamətdə pul dəstəyi ilə irəliləməyə çalışırlar. Vergi endirimləri zaman-zaman gündəmə gətirilsə də, vergi endirimlərinin vergi ödəyiciləri tərəfindən daimi tənzimləmə kimi qəbul ediləcəyi ilə bağlı narahatlıq hökumətlərin vergi siyasətində dəyişikliklər etməsinə mane olur.
Vergitutmada ən vacib məsələ sənədləşmə və uçotdur.
Bütün əməliyyatların, pul vəsaitlərinin və malların hərəkətinin
qeydə alınması vergilərin yığılmasında daha böyük əhəmiyyət daşıyır
- Sizcə, Azərbaycanın vergi sistemi beynəlxalq vergi sisteminə hansı səviyyədə inteqrasiya olunub?
- Ölkənin vergi sistemi son bir ildə mühüm irəliləyiş əldə edib. Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu məsələdə aparıcı rol oynayır. Avropa İttifaqı, İƏİT və Türkiyənin vergi ekspertlərinin iştirakı ilə Bakıda və digər ölkələrdə keçirilən işçi görüşlər nəticəsində Azərbaycan üçün bir vergi yanaşması formalaşdırılıb və uğurla həyata keçirilir. Azərbaycanda qeyri-rəsmi iqtisadiyyatla mübarizədə uğurlu beynəlxalq təcrübələr tətbiq edilib. Xüsusilə beynəlxalq mühasibat standartlarına uyğunluğun təmin edilməsi, sertifikatlı mühasib təcrübələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Vergi ödəyicilərinin elektron bəyannamə tətbiqinə üstünlük vermələri də vacib göstəricidir.
Vergitutmada ən vacib məsələ sənədləşmə və uçotdur. Bütün əməliyyatların, pul vəsaitlərinin və malların hərəkətinin qeydə alınması vergilərin yığılmasında daha böyük əhəmiyyət daşıyır. Azərbaycanda uzun müddət tətbiq olunan sabit vergi sistemindən sui-istifadə edən bəzi vergi ödəyiciləri bir neçə müəssisə açmaqla daha az vergi ödəməyə çalışırlar. Beynəlxalq vergitutma təcrübəsinə uyğun olaraq, vergi ödəyicilərinin bəyannamələr sayəsində qeydiyyata alınması bu məsələnin həllinin əsas yollarından biri olacaq. Azərbaycanda bu prosesi qurmaq və idarə etmək üçün texniki infrastruktur, eləcə də zəruri vergi yoxlamalarını həyata keçirmək üçün ixtisaslı kadrlar var.
Gəlir əldə edənlərin hamsının vergiyə cəlb edilməsi vergilərin ümumiliyi prinsipinin
təbii nəticəsidir. Bu həm də qanun qarşısında bərabərlik prinsipinin tələbidir
- Hazırda inkişaf etmiş ölkələrdə vergi nəzarətinin müasir çağırışlara uyğunlaşdırılması, vergi ödəyiciləri ilə münasibətlərdə insan amilinin rolunun minimuma endirilməsi, vergi nəzarəti proseslərinin avtomatlaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan, hansı ölkənin vergi nəzarəti sistemini daha təkmil hesab etmək olar?
- Avropanın üç ölkəsi – Türkiyə, Hollandiya və Almaniya elektron infrastruktur baxımından uğurlu nəticələr nümayiş etdirir. İtaliyada son illər qeyri-rəsmi iqtisadiyyatla mübarizədə elektron audit uğurla həyata keçirilir. Azərbaycan da bu sahədə Türkiyə ilə birlikdə çox uğurlu təcrübələr əldə edib. Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı ölkə əhalisi ilə müqayisədə azdır. Bu rəqəm artdıqca nəzarət infrastrukturunun genişləndirilməsinə ehtiyac yaranacaq. Azərbaycanda bu məsələyə önəm verildiyini bilirəm. Ticarət həyatındakı inkişafdan asılı olaraq vergi münasibətləri də inkişaf edəcək və genişlənəcək. Bununla bağlı lazımi infrastruktur işlərinin həssaslıqla aparıldığı görünür.
- Günümüzdə aktuallaşan məsələlərdən biri də elektron kommersiya subyektlərinin vergiyə cəlb edilməsidur. Bu məsələ ilə bağlı sizin mövqeyinizi bilmək maraqlıdır...
- Gəlir əldə edənlərin hamsının vergiyə cəlb edilməsi vergilərin ümumiliyi prinsipinin təbii nəticəsidir. Bu həm də qanun qarşısında bərabərlik prinsipinin tələbidir. Gəlirin hansı yolla əldə olunmasından asılı olmayaraq, gəlir əldə edən hər kəs vergiyə cəlb edilməlidir və bu, elektron əməliyyatlardan əldə edilən gəlirlərə də aiddir.
Elektron əməliyyatlarda istifadə olunan e-pul, e-imza, e-möhür, e-sənəd, e-kitab,
qeydiyyatdan keçmiş e-poçt kimi sənəd və proseslərdən istifadənin genişləndirilməsi,
onlara nəzarətin təmin edilməsi vergi yoxlamasının səmərəliliyini artıracaq
- Elektron ticarətin genişləndiyi hazırkı dövrdə vergi nəzarətinin hansı formada həyata keçirilməsi daha düzgün olar?
- Elektron ticarət çox sürətlə inkişaf edir. Mal və xidmətlərin satışı elektron qaydada həyata keçirildikdə pul əməliyyatlarının da elektron qaydada aparılmasına zərurət yaranır. Buna görə də elektron əməliyyatlara nəzarət gündən-günə daha vacib olur. Elektron əməliyyatlarda istifadə olunan e-pul, e-imza, e-möhür, e-sənəd, e-kitab, qeydiyyatdan keçmiş e-poçt kimi sənəd və proseslərdən istifadənin genişləndirilməsi, onlara nəzarətin təmin edilməsi vergi yoxlamasının səmərəliliyini artıracaq. Belə yoxlamalar vaxta qənaət edəcək və dəftərxana xərclərini azaldacaq. Bundan əlavə, bu cür yoxlamalarda süni intellekt proqramlarından istifadə etməklə şübhəli əməliyyatlar aşkar oluna bilər. Bu, prosesin idarə edilməsində daha az adamın işə götürülməsinə və əmək xərclərinin azaldılmasına şərait yaradacaq. Nəhayət, deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Məqsədlərinə nail olmaq baxımından da elektron nəzarət tədbirlərinin tətbiqi son dərəcə vacibdir.
İlhamə İSABALAYEVA