Sadiq Qurbanov: “Dövlət Proqramı yerli sahibkarlığın stumullaşdırılmasına şərait yaradacaq”

2022.11.23 18:02 (UTC+04:00)

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” qlobal trendlər nəzərə alınmaqla hazırlanıb. Bu, Böyük Qayıdışı təmin edəcək vacib sənəddir”.
Bu fikirləri “vergiler.az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov səsləndirib. Onun sözlərinə görə, I Dövlət Proqramı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafı, milli iqtisadiyyata sürətli inteqrasiyası üçün etibarlı təməl təşkil edir: “Dövlət Proqramının prioritet istiqamətlərini müəyyən edən 6-cı maddənin 6.2.6. bəndində ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi nəzərdə tutulur. Ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturun təmin olunması kimi məsələlər əsas prioritetlərdir. Proqrama əsasən, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması çərçivəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcək. Tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq bərpa olunan müxtəlif enerji mənbələri üzrə qurğuların quraşdırılması nəzərə alınacaq. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması da nəzərdə tutulub. Ərazilərin iqtisadi-coğrafi potensialından səmərəli istifadə olunmaqla ətraf mühitin və ekoloji tarazlığın qorunması məqsədilə müasir şəhərsalma prinsipləri əsasında bölgənin inkişaf etdirilməsi istiqamətində tədbirlər görüləcək”.

S.Qurbanov sənəddə planlaşdırılan tədbirlərin icrası zamanı yerli və xarici investisiyaların cəlb edilməsinin nəzərdə tutulduğunu vurğulayaraq bildirib ki, Dövlət Proqramında müəyyənləşdirilmiş tədbirlərin maliyyələşdirilməsinə özəl investisiyaların cəlbi təşviq ediləcək və bu, yerli sahibkarlığın stumullaşdırılmasına şərait yaradacaq.