İqtisadiyyat üzrə Nobel mükafatçısı - Qunnar Myurdal

2022.11.20 12:00 (UTC+04:00)

İsveçli iqtisadçı Qunnar Myurdal 1974-cü ildə "Pul və iqtisadi tərəddüdlər nəzəriyyəsinə dair əsərinə və iqtisadi, sosial və institusional hadisələrin qarşılıqlı asılılığının dərin təhlilinə görə" iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülub.

Qunnar Myurdal 6 dekabr 1898-ci ildə İsveçin Qustafs şəhərində anadan olub. 1923-cü ildə Stokholm Universitetinin hüquq fakültəsini bitirib, təhsilini iqtisadiyyat fakültəsində davam etdirib.1927-ci ildə iqtisad elmləri doktoru, 1928-ci ildə Stokholm Universitetinin professoru adlarını alıb, 1933-cü ildə isə iqtisadiyyat kafedrasının müdiri vəzifəsinə seçilib. 1938-ci ildə ABŞ-da zəncilərin vəziyyətini araşdıran alimlər qrupuna rəhbərlik edib, 1943-cü ildə İsveçin ABŞ-dakı səfirliyinə müşavir təyin olunub.

1947-ci ildən BMT-nin Avropa üzrə iqtisadi komissiyasının icraçı katibi olub. 1957-ci ildə Hindistana gəlib. O vaxt həyat yoldaşı, tanınmış sosioloq Alva Myurdal burada səfir işləyirdi. Q.Myurdal Hindistanda inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını araşdırmağa başlayıb. Sonradan Stokholm Universitetində çalışıb (1967-ci ildən fəxri professor kimi), dünyanın bir çox universitetlərində mühazirələr oxuyub, fəal elmi və ictimai fəaliyyətlə məşğul olub.

Stokholm makroiqtisadiyyat məktəbinin (və ya institusional sosioloji istiqamətin) yaradıcısı kimi tanınır, onun ideyaları Keynesçiliklə səsləşir. ABŞ-da pul balansı, demoqrafiya, irqi münasibətlər, üçüncü dünya ölkələrinin iqtisadiyyatı, dünya iqtisadi sistemlərinin inteqrasiyasının mümkünlüyü məsələsi, yoxsulluq problemi ilə bağlı elmi araşdırmalar üzərində işləyib.

Q.Myurdal "kumulyativ səbəb əlaqəsi" konsepsiyasının müəllifi kimi məşhurdur.

Onun “İqtisadiyyat nəzəriyyəsinin inkişafında siyasi amil” (1930); “Pul tarazlığı” (1939); “Amerika dilemması: zənci problemi və müasir demokratiya” (1944); “Müharibədən sonrakı optimizmə qarşı xəbərdarlıq” (1944); “Beynəlxalq iqtisadiyyat: problemlər və perspektivlər” (1956); “Rifah dövlətindən kənarda: iqtisadi planlaşdırma və onun beynəlxalq nəticələri” (1960); “Asiya dramı: millətlərin yoxsulluğunun tədqiqi” (1968); “Axına qarşı” (iqtisadiyyat üzrə tənqidi esselər toplusu – 1973); “Siyasi və institusional iqtisadiyyat” (1979) və s. əsərləri dünyada iqtisadiyyat elminin mötəbər mənbələri hesab edilir.

1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Qunnar Myurdal 1987-ci il mayın 17-də Stokholmda vəfat edib.