Əmək Məcəlləsinin 176-cı maddəsində göstərilib ki, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının 20 faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 50 faizindən artıq ola bilməz. Burada “müvafiq qanunvericilik” dedikdə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulur.
Qeyd edək ki, borclunun/işçinin əməkhaqqından və digər gəlirlərindən tutulan məbləğin (tutulmanın) miqdarı, vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanır. İcra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutulan vəsaitilərin məbləği 50 faizdən çox ola bilməz. Tələb bir neçə icra sənədi üzrə borclunun əməkhaqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır.
Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı yuxarıda müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutulmaların məbləği 70 faizdən çox ola bilməz.
Tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda yuxarıda müəyyən edilmiş qaydalar tətbiq edilir.
Tələb sosial sığorta üzrə müavinətlərə və işsizlikdən sığorta ödənişinə yalnız məhkəmənm qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə, yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və ya sağlamlığa vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir.
Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri
Tələbin bəzi müavinətlərə ödənilməsinə yalnız məhkəmənin qərarı ilə yönəldilə biləcəyini qeyd etmək lazımdır. Lakin bəzi hallar vardır ki, borcluya ödərilən pul məbləğlərindən tutulmasına yol verilmir. “İcra haqqında” qanunun 68-ci maddəsində bu hallar göstərilib. Həmin maddəyə görə, tələb borcluya ödənilən aşağıdakı pul məbləğlərinə yönəldilə bilməz:
1. sağlamlığa vurulmuş ziyana görə, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyana görə ödənilən məbləğlərə;
2. xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə, həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ödənilən məbləğlərə;
3. uşağın doğulması ilə əlaqədar, çoxuşaqlı analara, tənha ata və ya anaya, pensiyaçılara, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına gorə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə, sağlamlığa vurulmuş ziyan nəticəsində zərər çəkmiş şəxslərə əlavə qidaya, protezləşdirməyə, sanatoriya-kurort müalicəsinə, habelə həmin şəxslərə qulluğa görə ödənilən məbləğlərə;
4. ağır və zərərli əmək şəraitində işə görə ödənilən məbləğlərə;
5. işdənçıxarma müavinətinin məbləğinə;
6. aliment öhdəlikləri üzrə ödənilən məbləğlərə;
7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər məbləğlərə.
Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı