Ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması, sığortaolunanların əmək hüquqlarının qorunması və bu sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. 2022-ci ilin 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 728 mindən çox olub. İlin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb. Oktyabr ayı ərzində özəl sektorda 12.5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Cari ildə bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur.
2022-ci ilin 10 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub. Məlumat üçün qeyd edilməlidir ki, vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na uyğun olaraq, avtomobil nəqliyyatı sahəsində də son dövrlər qeyri-formal məşğulluğun qarşısının alınmasına dair nəzarət tədbirləri həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Həmin Qanunun 14.6-1-ci maddəsinə əsasən, 14.5.1.1-10-cu maddədə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilməlidir.
Nümunə 1. Vergi ödəyicisi Bakı şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:
Vergi məbləği: 9x2=18 manat
MDSS haqqı: (300x6%)x2=36 manat
İTS haqqı: 300x4%=12 manat.
Nümunə 2. Vergi ödəyicisi rayonda fərdi qaydada 5 tonluq nəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:
Vergi məbləği: 5x1x1=5 manat
MDSS haqqı: (300*6%)x1=18 manat
İTS haqqı: 300x4%=12 manat.