Vergi daxilolmalarında “kölgə iqtisadiyyatı” ilə mübarizənin rolu

2022.11.18 11:57 (UTC+04:00)

Azərbaycanda "kölgə iqtisadiyyatı" ilə mübarizə iqtisadi sahədə əhəmiyyətli nəticələrin əldə olunmasına və biznes mühitində leqal fəaliyyətin geniş vüsət almasına yol açıb. "Kölgə iqtisadiyyatı" ilə bağlı dövlət başçısının mövqeyi isə açıq və qətidir. Öz çıxışlarında dəfələrlə bu mövzuya toxunan Prezident İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən konfransda bir daha vurğulayıb: “Kölgə iqtisadiyyatı” olmamalıdır, vəssalam, çox sadə”...

"Kölgə iqtisadiyyatı" ilə qlobal mübarizə

1980-ci illərdən başlayaraq dünya ölkələrində "kölgə iqtisadiyyatı" ilə bağlı problemlərin müxtəlif aspektləri müntəzəm keçirilən konfranslarda müzakirə edilməyə başlandı. Bununla yanaşı, müxtəlif ölkələrin parlamentləri və hökumətləri tərəfindən "kölgə iqtisadiyyatı"nın öyrənilməsi üzrə işçi qruplar yaradıldı. Bu problem hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından maneə yaradan amil kimi dəyərləndirilirdi. "Kölgə iqtisadiyyatı"nın genişlənməsi ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Təsadüfi deyildir ki, məhz "kölgə iqtisadiyyatı"nın ümumdaxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilir. Bir sıra hesablamalara görə, dünyada işçilərin 2/3 hissəsi bu və ya digər dərəcədə qeyri-formal iqtisadiyyatla əlaqəlidir.

"Kölgə iqtisadiyyatı" cəmiyyətdə sosial-etik normaların pozulması kimi böyük risklər yaradır. Ölkəmizdə "kölgə iqtisadiyyatı" ilə mübarizə 2017-2019-cu illərdən etibarən daha ciddi şəkildə və yeni müstəvidə aparılır. Biznesin qanuni fəaliyyətinin təmin edilməsi üçün dövlət qurumları tərəfindən bir sıra stimullaşdırıcı və təkmilləşdirici tədbirlər həyata keçirilir. Bu sahədə vergi orqanlarında aparılan islahatlar nəticəsində vergi daxilolmalarında müşahidə olunan dinamik artımı xüsusilə qeyd etmək lazımdır.

"Kölgə iqtisadiyyatı" cəmiyyətdə sosial-etik
normaların pozulması kimi böyük risklər yaradır

Biznesin leqal fəaliyyəti vergi daxilolmalarına mühüm töhfə verir

2022-ci ilin yanvar-oktyabr aylarında vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 13 milyard 998 milyon 858,7 min manat vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bugünlərdə açıqladığı rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 90,1 faiz və ya 6,6 milyard manatdan çox artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 38 milyon 211,5 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz və ya 1,6 milyard manat çoxdur. Müsbət dinamika sosial sığorta ödəmələrində də müşahidə olunur. 2022-ci ilin yanvar-oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,7 milyard manata yaxın olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,4 faiz və ya 573,6 milyon manat artım qeydə alınıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2,4 milyard manata yaxın təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz çoxdur. Əldə olunan nəticələr muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində baş verib. Ümumiyyətlə, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş vergi islahatları sırasında əmək bazarının şəffaflaşdırılması mühüm yer tutur. Qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi, şəffaflaşma üçün yaradılan fiskal stimullar və maarifləndirmə əməkhaqqı fondunda “ağarmanı” və əmək münasibətlərinin leqallaşdırılmasını təmin edir. Bu, davamlı prosesdir və ölkəmizin iqtisadi inkişafının təşviqinə zəmin yaradan addımlar sırasında leqal iqtisadiyyatın bərqərar olması əhəmiyyətli rol oynayır.

“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş
vergi islahatları sırasında əmək bazarının şəffaflaşdırılması mühüm yer tutur

"Kölgə iqtisadiyyatı" ilə mübarizə təkmilləşdirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva vurğulayıb ki, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkədə dayanıqlı iqtisadiyyatın təmin olunması üçün investisiya mühitini təşviq edən bir sıra tədbirlər nəzərdə tutulub: “Bu tədbirlər çərçivəsində bir tərəfdən sahibkarlığın inkişafını təşviq edən səmərəli investisiya mühitinin formalaşdırılması nəzərdə tutulursa, digər tərəfdən “kölgə iqtisadiyyatı” ilə daha ciddi, davamlı və qətiyyətli mübarizə dayanıb. Yəni burada bir balans var. Dövlət şəffaf sahibkar üçün bundan sonra da vergi-təşviq alətləri tətbiq etməklə, inzibatçılığın sadələşdirməsində mümkün bütün təşviqedici addımlar atmaqla yanaşı, şəffaf sahibkarlığı rəqabət mühitində hansısa formada üstələməyə çalışan qeyri-şəffaf sahibkarlıqla da ciddi şəkildə mübarizə aparacaq”.

Biznesin “kölgə iqtisadiyyatı”ndan azad olması və şəffaf fəaliyyəti iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını da təmin edir. Qeyri-leqal fəaliyyət göstərənlərin pandemiya dövründə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum edilməsi də unudulmamalıdır. Bütün bu sadalananlardan nəticə çıxaran sahibkarlar indiki halda leqal fəaliyyətə üstünlük verirlər.

Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, dövlət dəstəyindən, hökumətin təqdim etdiyi güzəşt və stimullaşdırıcı tədbirlərdən yararlanmaq üçün şəffaf və düzgün işləmək, nəticə etibarilə leqal iqtisadiyyatın əhatə dairəsinin genişlənməsinə töhfə vermək vacibdir.

Gülay NƏBİYEVA