Məhəmməd Asif Nur: “Azərbaycan Pakistana enerji böhranının öhdəsindən gəlməyə kömək edə bilər” MÜSAHİBƏ

2022.11.17 14:57 (UTC+04:00)

- Cənab Məhəmməd Asif Nur, bugünkü Azərbaycan-Pakistan iqtisadi münasibətlərində hansı əsas istiqamətləri vurğulamaq istərdiniz?

- İyunun 9-da Pakistan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd etdik. Hər iki ölkə siyasi-iqtisadi və diplomatik təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Pakistanla Azərbaycan unikal tarixi, mədəni, diplomatik, siyasi bağları bölüşür və bir çox sahədə, eləcə də biznes və hərbi sahədə əməkdaşlıq edir. 30 il ərzində iki dövlət arasında iqtisadi, mədəni və təhsil sahələrində möhkəm əlaqələr qurulub. Hər iki tərəf təhlükəsizliyin, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi üçün bir-birini bütün cəbhələrdə dəstəkləməyə davam edir.

İqtisadi münasibətlərə gəldikdə, 2021-ci ildə Pakistanla Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 11,7 milyon dollar olub. Bu yaxınlarda imzalanmış sazişlər yaxın illərdə bu rəqəmin artacağına ümid yaradır. Enerji sektorunda özünü təmin edən Azərbaycan Pakistanın mühüm ticarət tərəfdaşıdır. Azərbaycan Pakistana ilk növbədə enerji böhranının həllində kömək edə bilər. Bundan əlavə, ölkələrimizin kənd təsərrüfatı sektorunda əməkdaşlıq edə bilməsi üçün potensial var. Hesab edirəm ki, Azərbaycan Pakistanın neft sektoruna sərmayə qoymaqdan qazanc əldə edəcək. Hər iki dövlət arasında ticarət artımını təşviq etmək üçün Azad Ticarət Sazişi və subsidiyalaşdırılmış dərəcələri nəzərdə tutan mexanizmlər hazırlanmalıdır. Pakistan Azərbaycanda yüngül sənaye və əczaçılıq sahəsində birgə müəssisələrin yaradılması üçün regional qovşaq rolunu oynaya bilər. Nəhayət, Azərbaycan Pakistana texnologiya və ya hərbi əməkdaşlığın artırılması müqabilində subsidiyalaşdırılmış neft təklif edə bilər. Bu, hər iki dövlət üçün faydalı olardı.

Pakistanla Azərbaycan unikal tarixi, mədəni, diplomatik, siyasi bağları
bölüşür və bir çox sahədə, eləcə də biznes və hərbi sahədə əməkdaşlıq edir

- Sizcə, Azərbaycanla Pakistan arasında investisiya qoyuluşları üçün iqtisadiyyatın hansı sahələri üstünlük təşkil edir?

- Pakistan və Azərbaycan enerji sektorunda bir-biri ilə əməkdaşlıq edir və iki müttəfiq arasında bir sıra sazişlər, anlaşma memorandumları imzalanıb. Lakin hər iki tərəfin faydalanması üçün ikitərəfli ticarətin həcmi durmadan artmalıdır. Pakistan Azərbaycana enerji sektoruna, eləcə də turizmə, müdafiə sənayesinə və bütövlükdə ticarətə investisiya qoymaq üçün gəlirli bazar təklif edir. İki ölkənin ticarət əlaqələrinin daha da artmasına nail olmaq məqsədilə ikitərəfli investisiya əməkdaşlığının genişləndirilməsi üzrə xüsusi işçi qrup yaradılıb.

2017-ci ilin fevral ayında imzalanmış ikitərəfli enerji sazişinə əsasən, Azərbaycan Pakistana müxtəlif neft və qaz məhsulları, o cümlədən soba mazutu, benzin, dizel yanacağı və mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti vasitəsilə Azərbaycan son bir neçə ildə Pakistanın LNG və mayeləşdirilmiş neft qazı (LPG) sənayesinə investisiya yatırmaqda maraqlı olduğunu bildirib. Azərbaycan neftin və qazın aparıcı ixracatçılarından biri sayıldığından və lazımi təcrübəyə malik olduğundan hər iki tərəf belə bir ittifaqın yaradılmasından eyni dərəcədə faydalanacaq.

İki müttəfiq tərəfindən benzin, mazut, LNG və dizel yanacağı kimi qaz və neft məhsullarının tədarükünə dair hökumətlərarası saziş 2017-ci ildə imzalanıb. Lakin Azərbaycan ilə Pakistanı birləşdirən birbaşa quru yolları yoxdur. Yeganə nəqliyyat yolu İran və ya Əfqanıstan üzərindən keçir.

Azərbaycan Pakistanın neft hasilatı və kəşfiyyatı, o cümlədən anbar və terminalları əhatə edəcək enerji sektoruna investisiya qoyma imkanlarının araşdırılmasında da maraqlıdır.

Pakistan Azərbaycana enerji sektoruna, eləcə də
turizmə, müdafiə sənayesinə və bütövlükdə ticarətə
investisiya qoymaq üçün gəlirli bazar təklif edir

- Azərbaycan və Pakistan bir çox beynəlxalq təşkilatlar ilə sıx əlaqə saxlayır. Bu əlaqələr ikitərəfli əməkdaşlığımızın inkişafına hansı töhfələri verir?

- Pakistan və Azərbaycan Qoşulmama Hərəkatının, İƏT-in və digər nüfuzlu təşkilatların üzvləridir. Belə çoxtərəfli forumun bir hissəsi olmaq hər iki tərəfin lazımi səviyyədə möhkəm əlaqələr qurmaq istəyini əks etdirir. Burada ölkələrin təkcə ikitərəfli səviyyədə deyil, həm də çoxtərəfli formatda əməkdaşlıq etmək imkanı yaranır. Məsələn, iqtisadi, təhlükəsizlik və mədəni əlaqələr bir çox aspektlərdə Qoşulmama Hərəkatı və digər oxşar regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə qurulub. Belə mühüm çoxtərəfli münasibətlər yüksək səviyyəli görüşlərə və ikitərəfli əlaqələrin genişləndirilməsinə də imkan verir. Çoxtərəfli səviyyədə bu təmaslar vasitəsilə hər iki tərəf həm də dost ölkələrlə birgə çalışaraq əməkdaşlıqlarını genişləndirə, yüksəliş trayektoriyalarını müəyyən edə bilər.

- Son bir neçə ildə Azərbaycana gələn pakistanlı turistlərin sayı xeyli artıb. Turist mübadiləsinin gələcək perspektivlərini necə qiymətləndirirsiniz?

- Pakistanlılar üçün viza almaq prosedurunun çevikləşdirilməsi sayəsində bizim ölkədən Azərbaycana gələn turistlərin sayında kəskin artım müşahidə olunub. Azərbaycanlı turistlərin Pakistana səfəri üçün də analoji qarşılıqlı dəstək göstərilib. Hər iki tərəf turizmi inkişaf etdirmək məqsədilə əməkdaşlıq edir. İki ölkə arasında turist mübadiləsi üçün böyük perspektivlər var. Pandemiyadan sonrakı dövrdə ticarət və turizm əlaqələrinin yaxşılaşdırılması, yeni əməkdaşlıq imkanlarının araşdırılması və inkişaf etdirilməsi üçün bir neçə işgüzar heyəti Azərbaycana gətirməyi planlaşdırıram.

Turizm sektorunun pandemiyadan sonrakı dövrdə inkişafını təmin etmək üçün çevik siyasət həlləri tapmaq, daha güclü, dayanıqlı turizm iqtisadiyyatı qurmaq üçün lazım olan struktur transformasiyanı təşviq etmək qarşımızda duran aktual vəzifələrdəndir.

Tamilla MƏMMƏDOVA