Azərbaycanlı mühasib və maliyyəçilər "LUCA 2022" mükafatına layiq görülüblər

2022.11.16 17:26 (UTC+04:00)

Londonda ICB/ICFM Global (Böyük Britaniyanın nüfuzlu və peşəkar mühasib təşkilatı - Sertifikatlı Maliyyə Menecerləri İnstitutu) növbəti ənənəvi Beynəlxalq sammit keçirib. “vergiler.az” xəbər verir ki, sammitdə Avropanın və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələri, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssisləri, mühasib, maliyyə menecerləri iştirak edib. Bu tədbir 2023-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında (MHBS) tətbiq olunan dəyişikliklərin müzakirəsinə, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsinə həsr olunduğu üçün mühüm əhəmiyyət kəsb edirdi.

Sammitdə ICB/ICFM-in Azərbaycan nümayəndələri - Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri də iştirak ediblər. Assosisasiyanın yaydığı məlumata görə, sammit çərçivəsində mühasib və maliyyəçi peşəsinin, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə 13-cü Beynəlxalq LUCA mükafatı təqdim olunub. Mühasiblik sahəsində böyük nüfuza malik bu mükafat Luca Paciolinin şərəfinə təsis edilmişdir və maliyyə sahəsinin yüksək nailiyyətlərini tanıtmağa xidmət edir.

APFM təmsilçiləri Rauf Rzayev, Sevinc Lütfəliyeva, Rəşad Əsgərov, Namiq Orucov, İdrak Ələkbərov, Kəmaləddin Quliyev, Rasim Həsənov müxtəlif nominasiyalar üzrə "LUCA 2022" mükafatı ilə təltif olunublar. Mükafatlar rəsmi ziyafətdə Sertifikatlaşmış Maliyyə Menecerləri İnstitutunun icraçı direktoru Garry Carter tərəfindən təqdim olunub.

Sammit çərçivəsində həmçinin beynəlxalq mühasibat təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilib, mühasib və maliyyə menecerlərinin, maliyyə mütəxəssislərinin peşəkar inkişafı üzrə beynəlxalq əməkdaşlıq istiqamətləri müzakirə olunub.