Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən, rezident fiziki şəxsə rezident müəssisə və yə qeyri-rezident müəssisənin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən (gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə) ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinin 123.2-ci maddəsində isə göstərilir ki, faizlərin faktiki sahibi fiziki şəxsdirsə, bu Məcəllənin 123.1-ci və 123.4-cü maddələrinə uyğun olaraq vergi tutulmuş faizlər həmin fiziki şəxslərə ödənildikdən sonra onlardan bir daha vergi tutulmur.
Burada əsas diqqət edilməli məsələrdən biri fərdi sahibkarın əldə etdiyi faiz gəlirini bir daha gəlir vergisinə cəlb etməməkdir.
Misal 1: Fiziki şəxs (fərdi sahibkar) “BB” MMC-yə 10.000 manat pul vəsaitini 2021-ci ilin oktyabr ayının 1-də 1 il müddətinə borc verib. Müqavilənin şərtinə görə, verilən pul vəsaiti üçün illik əlavə 10% tətbiq edilir. Müqavilədə göstərildiyi kimi, faiz məbləği 1 ilin tamamında ödənilib. Faiz gəlirindən vergiləri hesablayaq.
1) Fiziki şəxsin 2021-ci ildə gəliri (A.R.-da alınmış faizlər (1211.1-ci sətir)): 250 manat
Ümumi gəlirdən çıxılmalar (Rezident tərəfindən ödənilən faizlər (1224.2-ci sətir)): 250 manat
Vergi məbləği: 0
2) “BB” MMC hüquqi şəxsin 2021-ci ildə vergi öhdəliyi yoxdur
3) Fiziki şəxsin 2022-ci ildə gəliri: 750 manat
Ümumi gəlirdən çıxılmalar: 750 manat
Vergi məbləği: 0
4) “BB” MMC hüquqi şəxsin 2022-ci ildə
ödəmə mənbəyindən vergisi: 1.000 x 10% = 100 manat.
Beləliklə, 1.000 manat faiz məbləğindən fərdi sahibkar olan fiziki şəxsin vergi öhdəliyi yaranmır. Hüquqi şəxs olan “BB” MMC isə ödəmə mənbəyində 10 faiz vergi tutaraq büdcəyə ödəyir.
Qeyd edək ki, Vergi Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, hüquqi şəxs faizlərin faktiki məbləğini Mərkəzi Bankın dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxmaq hüququna malikdir.