Azərbaycan Prezidentindən daha bir sosial qayğı nümunəsi

2019.05.02 14:35 (UTC+04:00)

Dövlət başçısının tapşırığına əsasən, Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Artıq bu güzəştdən – yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaq.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar yaranmış fərq bütünlüklə dövlət tərəfindən qarşılanacaq. Artırılmış limitin tətbiqinə gəlincə, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə edilmiş təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək. Misal üçün: tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kubmetr) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq. Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kubmetr) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kubmetr X 20 qəpik olmaqla həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kubmetrdən aşağıdır.