Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan bölgə və Avropa üçün dayanıqlı enerji təchizatçısına çevirib. Bu il ərzində ölkəmizə əhəmiyyətli üstünlüklər, o cümlədən siyasi, fiskal, iqtisadi dividentlər gətirib. Bu, xüsusilə Cənub Qaz Dəhlizi ilə Gürcüstana, Türkiyəyə və Avropaya “Şahdəniz” yatağından artan həcmlə hasil olunan qazın çatdırılması ilə bağlıdır.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 16-da Milli Məclisdə 2023-cü il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin dəyişən dünyada dayanıqlı enerji təchizatçısı rolunun artırılması məqsədilə Energetika Nazirliyinin koordinasiyası ilə Azərbaycanda bərpaolunan enerji mənbələrindən istehsal edilən enerjinin Avropa İttifaqına çatdırılması üçün mühüm işlər həyata keçirilir. Bütün bu işlər ölkənin xarici ticarət balansında böyük müsbət saldo yaradır. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 23 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC