BVF dünya iqtisadiyyatı ilə bağlı bədbin proqnoz verib

2022.11.17 13:42 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) Araşdırma Departamentinin eksperti Tryuqvi Qudmundsson “Qlobal iqtisadi artımın yavaşlaması” mövzusunda açıqlamasında qlobal iqtisadiyyatla bağlı gözləntilərin keçən ayla müqayisədə aşağı düşdüyünə diqqət yönəldilib. Yazıda buna səbəb kimi Çində iqtisadiyyatın artım tempinin zəifləməsi, Rusiya-Ukrayna müharibəsi və inflyasiya təsirlərinin riskləri artırması göstərilib.

BVF ekspertinin məqaləsində son aylarda G20 ölkələrində işgüzar fəallıq indekslərinin (PMI) davamlı şəkildə pisləşdiyini nəzərə alaraq BVF-nin qlobal iqtisadiyyat üçün 2023-cü ilə aid artım proqnozunu 2,9 faizdən 2,7 faizə endirdiyi xatırladılıb. Qeyd edək ki, bu proqnoz rəqəmi yanvar ayında 3,8 faiz göstərilmişdi.

“Qlobal iqtisadiyyatın üzləşdiyi problemlər çox böyükdür və zəifləyən iqtisadi göstəricilər daha çox çağırışlara işarə edir”, - açıqlamada bildirilib.

Yazıda Avropada enerji böhranının dərinləşməsinin böyüməni ciddi şəkildə əngəlləyəcəyi və inflyasiyanı artıracağı vurğulanıb və qarşıdakı aylarda G-20-yə daxil olan bir çox ölkələrdə daha da sərtləşmənin gözlənildiyi bildirilib.