Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakın rəhbərlik etdiyi hökuməti neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin vergisini artırmaqla qarşıdakı 5 il ərzində büdcəyə əlavə 12 milyard funt-sterlinq (indiki məzənnə ilə 13,5 milyard dollar) cəlb etmək niyyətindədir.
“The Times” qəzetinin məlumatında bildirilir ki, hələ may ayında R.Sunak Böyük Britaniyanın maliyyə naziri kimi ölkədə gözlənilməz gəlir vergisi tətbiq etdi və bu vergini karbohidrogenlərin qiymətlərinin artması fonunda gəlirləri kəskin şəkildə artan neft və qaz şirkətləri ödəməli oldu. İndi isə yeni yığımın elektrik enerjisi istehsalçılarına şamil edilməsi, həmçinin vergi dərəcəsinin 25%-dən 30%-ə qaldırılması nəzərdə tutulur. Gözlənilir ki, bu yeniliklər 2028-ci ilə qədər büdcəyə 28 milyard funt-sterlinq (31,5 milyard dollar) əvəzinə 40 milyard funt-sterlinq (45 milyard dollar) vəsait cəlb etməyə imkan verəcək. Lakin bu, dünyada qazın qiymətinin dinamikasından asılı olacaq. Əvvəllər hakimiyyət 2026-cı ildə yeni verginin yığımını dayandırmağı planlaşdırırdı.
“The Times” qəzetinin yazdığına görə, Xəzinədarlıq katibi Ceremi Hant noyabrın 17-də dövlət büdcəsini təqdim edəcək. O, Nazirlər Kabinetinin ölkə iqtisadiyyatını sabitləşdirmək üçün qeyri-populyar tədbirlər görməli olacağı barədə xəbərdarlıq edib. Gözlənilir ki, R.Sunak hökuməti təkcə vergiləri artırmaqla kifayətlənməyəcək, həm də sosial ödənişləri azaltmaq məcburiyyətində qalacaq.
R.Sunakın pensiya və sosial müavinətləri hazırda 10%-dən artıq olan, ilin sonuna qədər 13%-ə yüksələ biləcəyi ehtimal edilən inflyasiya səviyyəsinə indeksləşdirməkdən imtina edib-etməyəcəyi isə hələlik məlum deyil.