Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi, investisiyaların cəlb olunması, daimi iş yerlərinin yaradılması barədə tapşırıqlar verib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisin müavini Samirə Musayeva komitənin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 10-da keçirilən iclasında söyləyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınaraq sahibkarlıq fəaliyyəti həyata keçirən bütün real sektor subyektləri vergi güzəştlərindən faydalana biləcəklər, lakin banklar bu təşviqlərə aid olunmur.
“İşğaldan azad edilmiş ərazilərdə uçota alınacaq vergi ödəyiciləri mənfəət, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəştlər əldə edəcəklər. İstehsal fəaliyyəti sahələri üzrə xammalın ölkə ərazisinə idxalı da 10 il müddətinə vergilərdən azad edilməsi nəzərdə tutulub. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin turizm potensialı nəzərə alınaraq əmlak, torpaq, mənfəət vergi güzəştləri ilə yanaşı, əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması üzrə faiz dərəcəsi 30 faiz müəyyən olunub. Bu da o deməkdir ki, həmin xidmətlərə 12,6 faiz ƏDV dərəcəsi tətbiq ediləcək”, - deyə S.Musayeva bildirib.
AZƏRTAC