Torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib

2022.11.05 17:35 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə noyabrın 5-də torpaq və əmlak idarəçiliyi sahəsinə həsr edilmiş zona müşavirəsi keçirilib. Müşavirədə Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Müşavirənin məqsədi torpaqların və dövlət əmlakının idarəedilməsi, istifadəyə verilməsi və onların mühafizəsi istiqamətlərində Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı Xidmətin fəaliyyəti barədə rayonların icra hakimiyyəti, digər dövlət qurumları və bələdiyyələrə məlumatın verilməsi, mövcud vəziyyətin təhlili, birgə fəaliyyət istiqamətlərinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsindən ibarətdir.

Zona müşavirəsində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyalarının əsas prioritet hədəflərinə nail olunmasında ölkənin mühüm təbii və iqtisadi resursu olan torpaq ehtiyatlarının səmərəli idarəetməsinin təşkili və torpaq münasibətlərinin düzgün tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.

Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi məsələlərinə toxunulub.

Bildirilib ki, 2020-2022-ci illərdə regionu əhatə edən rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi rayonlarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqların sənədləşdirilməsində və istifadəçiliyində torpaq qanunvericiliyinin tələbləri pozulur.

Aparılmış monitorinqlər nəticəsində şimal-şərq regionunda torpaq qanunvericiliyinin pozulması ilə bağlı 300-ə yaxın hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 271 inzibati protokol tərtib edilib, 121 min manat məbləğində cərimə tətbiq olub. Həmin hallarla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi məqsədilə ümumilikdə 430-a yaxın məktubla aidiyyəti üzrə yerli icra hakimiyyətlərinə, müvafiq icra hakimiyyətləri orqanlarına (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Orqanlarına) müraciətlər edilib. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin gücləndirilməsinin, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Bildirilib ki, torpaq istifadəçiliyinin nizama salınması ilə bağlı Xidmətlə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət qurumları arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulması günün tələbidir. Həmçinin, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.

Sonda müşavirədə qeyd olunanlarla bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, əməkdaşlıq istiqamətləri müzakirə olunub.