Qeydiyyatın onlayn qaydada həyata keçirilməsinə başlanılıb

2019.05.02 10:25 (UTC+04:00)

Mayın 1-dən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirməyə başlayıb. Bu məqsədlə agentlik tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) istifadəyə verilib. Məlumata əsasən elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Sistemə giriş "Asan İmza", elektron imza və FİN kod vasitəsilə həyata keçirilir. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsilə ödəmək imkanı əldə edirlər.

Qida təhlükəsizliyi qeydiyyatının onlayn qaydada həyata keçirilməsi ilk növbədə vətəndaş-məmur ünsiyyətini minimuma endirməyə, sahibkarların vaxt itkisinin qarşısını almağa, bu sahədə operativlik və şəffaflığı artırmağa imkan verəcək.