Avrozonada inflyasiya yenidən 10 faizi ötüb

2022.11.02 12:59 (UTC+04:00)

Avrozonada illik inflyasiya yüksək səviyyədə qalmağa davam edir, sentyabrda 9,9 faizə enən inflaysiya dərəcəsi oktyabrda 10,7 faizə qalxıb.

İstehlak qiymətləri əvvəlki aya görə 1,5 faiz artaraq oktyabrda son 7 ayın ən yüksək artımını göstərib.

Avropa Statistika İdarəsinin açıqladığı məlumatlara görə, enerji qiymətləri 40,9 faizlik artımla inflyasiyaya ən böyük təsiri göstərməyə davam edir, ikinci yerdə isə 13,1 faizlə qida, spirt və tütün gəlir. Qeyri-enerji sənayesi məhsulları 6 faiz, xidmətlər 4,4 faiz bahalaşıb.

Əsas inflyasiya oktyabr ayında illik göstərici ilə müqayisədə 5 faiz artıb. Bazarda gözlənti artımın 4,8 faiz olacağı idi.

İtaliyada əsas inflyasiya analitiklərin gözləntilərini üstələyib: illik 12,8% olub. Almaniyada inflyasiya 11,6 faizə yüksəlib, Fransada isə bu rəqəmin 7,1 faizə çatdığı bildirilir. Rəqəmlərin fərqli olması ölkələrdəki karbohidrogenlərindən asılılıq səviyyəsi, habelə ayrı-ayrı hökumətlər tərəfindən görülən tədbirlərlə bağlıdır.