Strateji yol xəritələri: Vergilər Nazirliyi ən yaxşılar sırasındadır

2019.05.01 15:37 (UTC+04:00)

Bunu Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında bildirib. Prezidentin köməkçisi deyib ki, ayrı-ayrı sahələr üzrə icra faizlərinin müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata keçmiş və 52 faizlik icra üzrə müəyyən nəticələr əldə olunub. Belə ki, ayrı-ayrı qurumların performansına nəzər yetirdikdə məlum olur ki, bütövlükdə bütün qurumlar 50 faiz üçün nəzərdə tutulan həddə gəlib çatıb. N.Əmirov bildirib ki, Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını demək olar ki, tam şəkildə həyata keçirib.

"Strateji yol xəritələrinin icrasının tam təmin olunması üçün cəmi 20 ay qalıb. Bu müddət ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin tapşırığınıza əsasən, bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması, aqrar sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə tam tətbiqi nəzərdə tutulur", - deyə Prezidentin köməkçisi qeyd edib. Vurğulayıb ki, qarşıdakı 20 ayda neft maşınqayırması sahəsində ənənəvi istehsal sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görülməlidir. Həmçinin kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatdırılması üçün əhəmiyyətli islahatlar həyata keçirilməlidir: "Lisenziya və icazələr portalının tam fəaliyyəti təmin edilməli, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir".