Yeni iqtisadi inkişaf modeli hazırlanır

2019.05.01 14:46 (UTC+04:00)

"Biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın". Bu fikirləri Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında Prezident İlham Əliyev söyləyib. İndiyədək görülmüş işlərin bunun üçün gözəl zəmin yaratdığını deyən dövlət başçısı artıq əsas infrastruktur layihələrinin icra olunduğunu və bunun yeni inkişaf strategiyasına möhkəm zəmin yaratdığını qeyd edib.

"Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var. Deyə bilərəm ki, aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik" – deyə, Prezident İlham Əliyev hökumət üzvləri qarşısındakı çıxışında söyləyib.