Zəfər Gününə həsr olunmuş mini-futbol turnirinə start verilib

2022.10.29 12:50 (UTC+04:00)

Oktyabrın 29-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş mini-futbol turnirinə start verilib.

Turnirin açılış mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Vergi Xidmətinin İnsan resursları Baş İdarəsinin rəis müavini Ceyhun Mehdiyev 44 günlük Vətən müharibəsindən bəhs edib, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edənlər arasında DVX əməkdaşlarının da olduğunu diqqətə çatdırıb. Vətən müharibəsi iştirakçısı, DVX-nin Sənədlərlə iş və icra intizamına nəzarət Baş İdarəsinin rəis müavini Elçin Əmirov keçdiyini döyüş yolundan danışıb, xatirələrini bölüşüb.

Açılış mərasimindən sonra turnirə start verilib. Yarışda DVX Aparatının və xidmətin strukturuna daxil olan qurumların 17 komandası iştirak edir. 6 həftə davam edəcək turnirin yekununda qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanları təqdim ediləcək.