Azərbaycanın xurma ixracatçılarının İspaniyanın ixrac bazarlarına daxil olması üçün əlverişli imkan yaranıb.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AXİİA) sədri Qadir Yusifov deyib.
Onun sözlərinə görə, illik 500 min tondan cox xurma istehsal edən, dünyanın ən böyük xurma ixracatçısı olan İspaniyada bu il baş verən quraqlıq və güclü külək səbəbindən xurmalar çox keyfiyyətsiz yetişib və ixrac üçün yararsız olub: “İspaniya Avropa, Afrika, ərəb ölkələri, Belarus, Rusiyaya öz məhsullarını satırdı. Bu il İspaniyada məhsulun keyfiyyətsiz olması onun öz ixrac bazarlarını müəyyən qədər itirməsinə səbəb olacaq. Bu isə imkan verir ki, bizim ixracatçılar İspaniyanın itirdiyi həmin dövlətlərin, xüsusilə Avropa və ərəb ölkələrinin bazarına daxil olsun”.
Q.Yusifov hazırda Azərbaycan sahibkarlarının yalnız Rusiyaya xurma ixrac etdiklərini açıqlayıb.
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan xurma məhsulunun ixracında Çini geridə qoyaraq İspaniyadan sonra dünyanın ikinci ən böyük xurma ixracatçısı olub. Ötən il Azərbaycandan 125,9 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub. Bunun nəticəsində dünya bazarında ixracatdakı payımız 2020-ci ildəki 13%-dən 2021-ci ildə 20%-ə yüksəlib.