Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib

2022.10.27 11:22 (UTC+04:00)

Azərbaycan və Rusiya nümayəndə heyətləri Rusiya Federasiyasının dövlət sərhədində "Yaraq-Qazmalar”, “Tahirkənd-Qazmalar”, həmçinin Azərbaycan Respublikasının dövlət sərhədində “Samur”, “Xanoba” sərhəd-keçid məntəqələrinə baxış keçirib, məntəqələrdən mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olublar.

Azərbaycan tərəfdən nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri, Xaçmaz və Qusar rayon icra hakimiyyətlərinin başçıları daxildir. Rusiya tərəfi isə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov, Dağıstan Respublikasının başçısı Sergey Məlikov və digər şəxslərdən ibarət heyətlə təmsil olunub.

Sonra “Samur” sərhəd-buraxılış məntəqəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə Baş nazirin müavini Şahin Mustafayev ölkələrimiz arasında dostluğa, dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli əlaqələri, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndiyini, nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın inkişafı məqsədilə həyata keçirilən tədbirləri vurğulayıb. Qeyd edilib ki, sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi keçid imkanlarının artırılması, prosedurların optimallaşdırılması baxımından önəmli addımlardır. “Xanoba” sərhəd-keçid məntəqəsinin yenidən qurulması da iqtisadi əlaqələrin inkişafına, ticarətin genişlənməsinə, yükdaşımaların artmasına töhfə verəcək.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk iqtisadi-ticarət əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. A.Overçuk sərhəd-keçid məntəqələrinin imkanlarının artırılmasının iqtisadi münasibətlərin inkişafında, xüsusilə nəqliyyat-tranzit sahəsində tərəfdaşlığın genişləndirilməsi istiqamətində önəmli olacağını, ixracın genişləndirilməsinə əlavə imkanlar yaradacağını qeyd edib.