Əmrah Qarayev: “Uğur yolu”nda iştirak etmək istəyənlər ilk növbədə lider olmalıdırlar” UĞUR YOLU

2022.10.27 17:26 (UTC+04:00)

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər.

Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Qaliblər arasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət şöbəsinin aparıcı məsləhətçisi Əmrah Qarayev də var.

Ə.Qarayev 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Mühasibat uçotu və audit fakültəsinə daxil olsa da, 2014-cü ildə akademik məzuniyyət götürərək “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İsveçrənin Beynəlxalq Cenevrə Universitetində Maliyyə və mühasibatlıq üzrə ikinci bakalavr təhsilinə başlayıb. 2014-2015-ci illərdə həmin universitetin Tələbə Şurasının vitse-prezidenti olub. İsveçrədə təhsilini uğurla başa vurduqdan sonra Bakıda yarımçıq qalmış ilk bakalavr təhsilini tamamlayıb. Hazırda ADİU-nun Mühasibat uçotu və audit fakültəsində magistratura səviyyəsi üzrə təhsil alır. 2021-ci ilin sentyabrından İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışır.

“Böyük auditoriya qarşısında çıxış etmə bacarığımın mövcudluğu mənim üçün ən böyük yenilik oldu”

Ə.Qarayev hesab edir ki, yüksək səriştələrə malik olan gənclər bəzən belə bacarıqlara sahib olmalarından xəbərsiz olurlar. Bu baxımdan “Uğur yolu” müsabiqəsi gənclərdəki bu potensialın üzə çıxarılması üçün səmərəli bir platformadır: “Bu müsabiqə çox unikal bir təcrübə olduğundan onun təkcə qaliblərə deyil, bütün iştirakçılara töhfə verdiyini düşünürəm. Əminəm ki, qaliblərlə yanaşı, iştirakçılar da şəxsi keyfiyyətlərindəki, bacarıqlarındakı bəzi boşluqları aşkarlayaraq onları aradan qaldıra və daha uğurlu karyera yolunda irəliləyə biləcəklər. “Uğur yolu” əlavə olaraq, bizə yeni tanışlıqlar da qazandırdı”.

Bu müsabiqə çox unikal bir təcrübə olduğundan onun təkcə qaliblərə deyil,
bütün iştirakçılara töhfə verdiyini düşünürəm. Əminəm ki, qaliblərlə yanaşı,
iştirakçılar da şəxsi keyfiyyətlərindəki, bacarıqlarındakı bəzi boşluqları aşkarlayaraq
onları aradan qaldıra və daha uğurlu karyera yolunda irəliləyə biləcəklər.

Ə.Qarayevin düşüncəsinə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər ilk növbədə lider olmalı, komanda ilə birlikdə işləməyi bacarmalıdırlar. İştirakçıların yüksək səviyyədə kommunikasiya bacarığına, strateji düşüncəyə, məntiqi düşünmə qabiliyyətinə, geniş dünyagörüşünə malik olması zəruri şərtlər sırasındadır.

Qalib deyir ki, “Uğur yolu” müsabiqəsində iştirak etməzdən əvvəl komanda ilə işləmə və liderlik bacarığının olduğunu bilirdi. Yarışmanın yarımfinal və final mərhələlərində komanda yoldaşlarının Ə.Qarayevin liderlik və komanda ilə işləmə bacarıqlarının yüksək səviyyədə olmasını vurğulamaları onun qeyd olunan səriştələri ilə bağlı düşüncələrini təsdiqləyib: “Amma mənim üçün ən əsas yenilik böyük auditoriya qarşısında təqdimatla çıxış etmə bacarığımın mövcudluğu oldu. Əlavə olaraq, müsabiqə zamanı strateji düşünmə qabiliyyətimi, verilən vaxtın tapşırıqlar üzrə düzgün bölgüsünü aparmaqla yüksək səviyyədə idarəetmə bacarığımın olduğunu da üzə çıxardım”.

Gələcək iştirakçılara isə ilk növbədə gözəl nitq və təqdimat bacarıqlarına
nail olmaq üçün öz üzərlərində çalışmalarını, verilən vaxtın düzgün
bölgüsünü aparmalarını, eləcə də birgə iştirak edəcəkləri
komanda yoldaşlarına hörmətlə yanaşmalarını tövsiyə edərdim.

“Yarımfinal və final mərhələlərində yarışmaq çox çətin idi”

Ə.Qarayev bildirir ki, çox rəqabətli bir müsabiqə olan “Uğur yolu”nun xüsusilə yarımfinal və final mərhələlərində müxtəlif yaş kateqoriyasına aid olan, yüksək təcrübəyə malik bacarıqlı və bilikli kadrlarla birgə yarışmaq çox maraqlı, eyni zamanda da çox çətin idi. O, ilk iki mərhələdə sualları cavablandırmaq üçün verilən vaxtın qısa olduğunu nəzərə alaraq, tapşırıqların müəyyən qədər çətin olduğunu düşünür: “Müsabiqənin final mərhələsində mövzu üzrə çox qısa zaman ərzində təqdimat hazırlayaraq rəhbərlik qarşısında çıxış etmək həyəcanlı idi. Amma iştirakçıların hər birinin verilən tapşırığın öhdəsindən yüksək səviyyədə gəldiyini düşünürəm. Gələcək iştirakçılara isə ilk növbədə gözəl nitq və təqdimat bacarıqlarına nail olmaq üçün öz üzərlərində çalışmalarını, verilən vaxtın düzgün bölgüsünü aparmalarını, eləcə də birgə iştirak edəcəkləri komanda yoldaşlarına hörmətlə yanaşmalarını tövsiyə edərdim”.

Qalib növbəti dəfə keçiriləcək “Uğur yolu” müsabiqəsinin final mərhələsinin təqdimat hissəsində bəzi dəyişikliklərin olmasını da zəruri sayır. Onun fikrincə, iştirakçıların işlədikləri sahələrə uyğun olaraq komandalara bölünməsi daha düzgün olar. Bu halda iştirakçıların öz sahələri üzrə bilik və bacarıqlarını daha yüksək səviyyədə ifadə etmək şansları yaranar.

İlhamə İSABALAYEVA