Zurab Qarakanidze: “Gürcüstan Azərbaycanın neft və qazının tranziti üçün etibarlı tərəfdaşdır” MÜSAHİBƏ

2022.10.26 15:36 (UTC+04:00)

Rəsmi Bakı ilə Tbilisi arasındakı münasibətlərin mövcud vəziyyəti ilə bağlı “vergiler.az”ın suallarını Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Xidmət və Logistika Dövlət Şirkətinin baş direktorunun müavini, Gürcüstan Texniki Universitetinin və Daşkənd Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Zurab Qarakanidze cavablandırır.

- Bakı ilə Tbilisi arasında enerji əməkdaşlığını necə qiymətləndirirsiniz?

- 2006-cı ildən Gürcüstan hər il orta hesabla 2,5 milyard kubmetr qaz istehlak edir ki, bunun da 88 faizi və ya 2,2 milyard kubmetri Azərbaycandan alınır. SOCAR-ın törəmə şirkəti olan “Socar Gas Georgia” Gürcüstanın qaz bazarında əsas oyunçudur. Bundan başqa, Gürcüstanın Şahdəniz Konsorsiumu ilə iki müqaviləsi var. Bu müqavilələrə əsasən, Gürcüstan ya Cənubi Qafqaz Qaz Boru Kəməri ilə Türkiyəyə nəql edilən qazın 5%-ni tədarük edə, ya da mövcud beynəlxalq standartlara uyğun olaraq tranzit vergisi ala bilər.

2020-ci ilin yanvarından bu qaz kəməri vasitəsilə Gürcüstana 16 milyard kubmetr “mavi yanacaq” ötürülür ki, bunun da 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri Avropa ölkələri üçün nəzərdə tutulur. Gürcüstanın Şahdəniz Konsorsiumu ilə xüsusi şərtlərlə maksimum 500 milyon kubmetr qazın alınmasına dair müqaviləsi var. Bu şərtlərə illik 1,50 dollar artımla 100 kubmetrin 55 dollara alınması daxildir. Müqavilənin bu hissəsi 2025-ci ildə başa çatır. 2009-cu ildə Gürcüstan SOCAR ilə 2030-cu ilə qədər uzunmüddətli müqavilə imzalayıb. Bu sazişə uyğun olaraq, ARDNŞ müqavilədə nəzərdə tutulan tədbirləri həyata keçirməkdən əlavə, Gürcüstanın qaza olan tələbatını ödəməyi öhdəsinə götürür.

TRACECA-nın tranzit potensialından tam istifadə edilmədən Avropanın Mərkəzi
Asiyanın mallarına və təbii ehtiyatlarına çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşacaq.

Onu da xatırlatmaq yerinə düşər ki, Gürcüstan enerjiyə olan daxili tələbatını ödəməklə yanaşı, Türkiyə ilə birlikdə Azərbaycan nefti və qazının Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri (BTC) və Cənubi Qafqaz Qaz Boru kəməri vasitəsilə Qərb bazarına ötürülməsi üçün mühüm tranzit ölkədir.

- TRACECA çərçivəsində Azərbaycanın nəqliyyat potensialını necə dəyərləndirirsiniz?

- Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar malların bu ölkənin ərazisindən quru yol ilə tranzitinə qadağa qoyub ki, bu da TRACECA üçün yeni perspektivlər müəyyən edir. Adıçəkilən dəhliz Avropa İttifaqı (Aİ) üçün Mərkəzi Asiya və Çinə gedən yeganə qur yol dəhlizinə çevrilir. TRACECA-nın tranzit potensialından tam istifadə edilmədən Avropanın Mərkəzi Asiyanın mallarına və təbii ehtiyatlarına çıxışı əhəmiyyətli dərəcədə məhdudlaşacaq. Üstəlik, TRACECA olmadan Aİ-nin Azərbaycanın təbii sərvətlərinə çıxışı da çətinləşəcək. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə Aİ-yə qaz nəqlinin ikiqat artırılması haqqında Brüssel və Bakı arasında bu yaxınlarda imzalanmış sazişin nəticəsi olaraq, bu tranzit rolunun artması artıq özünü büruzə verir.

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - TMTK və ya TRACECA-nın Mərkəzi Halqası - Cənubi Qafqazdan keçən "Orta Dəhliz"in daha da aktivləşdirilməsi ideyası artıq yenidən gündəmə gətirilib. Rəsmi Tbilisi də bu fürsətdən yararlanmaq üçün bütün imkanlardan istifadə edir.

Regionda dəyişən reallıqlar kontekstində TRACECA dəhlizində yük dövriyyəsinin həcmi
1 milyon ton artıb, bu, həm quru, həm dəniz nəqliyyatı, həm də konteyner yüklərinə aiddir.

- Bu ilin avqustunda Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Sizcə, sazişin imzalanması hansı zərurətdən yaranıb və bunun regionun iqtisadiyyatı üçün əsas faydası nə olacaq?

- Bu saziş beynəlxalq yüklərin Qafqaz regionuna rahat çatdırılmasına və artan yük axınının birgə idarə olunmasına töhfə verəcək. Bildiyiniz kimi, bu il avqustun 23-də Tbilisidə Gürcüstanın iqtisadiyyat naziri Türkiyə və Azərbaycanın nəqliyyat nazirləri ilə görüşündə hər üç ölkənin nəqliyyat dəhlizlərinin inkişafı, rəqabət qabiliyyətinin artırılması məsələləri, eləcə də TRACECA-nın potensialı müzakirə edilib. Görüş zamanı türkiyəli tərəfdaşlarımız mövcud nəqliyyat infrastrukturunun, o cümlədən Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun əhəmiyyətini xüsusi vurğulayıblar.

Regionda dəyişən reallıqlar kontekstində TRACECA dəhlizində yük dövriyyəsinin həcmi 1 milyon ton artıb, bu, həm quru, həm dəniz nəqliyyatı, həm də konteyner yüklərinə aiddir. Həmçinin, bu yaxınlarda Qazaxıstan şirkətinin 2030-cu ilə qədər İran, Azərbaycan, Gürcüstan və Türkiyə limanlarında terminallar tikəcəyi açıqlanıb. Qeyd edək ki, Qazaxıstanın “KazTransOil” dövlət neft şirkəti Batumi dəniz limanında neft terminalına sahibdir.

Tamilla MƏMMƏDOVA