Rəqəmsal həllər biznes mühitini daha da təkmilləşdirəcək

2022.10.25 10:08 (UTC+04:00)

2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 milyon manat təşkil edib. Bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 milyon manat və ya 64,5% çoxdur. Vergi daxilolmalarındakı dinamika iqtisadi inkişafın, biznes mühitində müsbət dəyişikliklərin və şəffaflığın təşviqinin nəticəsidir. Azərbaycanın iqtisadi inkişafını xarakterizə edən ən mühüm cəhətlərdən biri də məhz ölkəmizdə sahibkarların fəaliyyətinin dəstəklənməsi və biznesə dəstəkdir. Ölkəmizdə yeni çağırışlara uyğun aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, dayanıqlı iqtisadiyyatın formalaşdırılması inkişaf prioritetlərindəndir.

Biznesə daxilolmaya yeni dəstək modelləri

Bir neçə gün əvvəl Dünya Bankı Qrupunun "Әlverişli biznes mühiti" layihәsinin "Biznesə daxilolma" indikatoru üzrə Yol Xəritəsinin təqdimatı keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, işçi qrupun rəhbəri Samirə Musayeva iclas iştirakçılarına "Biznesə daxilolma" indikatoru üzrə Yol Xəritəsi, onun alt indikatorları və komponentləri barədə ümumi məlumat verib, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində aparılan islahatlar barədə danışıb. Qeyd edilib ki, "Bir prosedurla qeydiyyat" layihəsi Korporativ Qeydiyyatçılar Forumunun İcraiyyə Komitəsi tərəfindən xüsusi mükafata da layiq görülüb. S.Musayeva Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin təqdimatını edib və qarşıda duran vəzifələr barədə danışıb. 2022-2023-cü illərdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verən DVX-nin rəis müavini S.Musayeva müvafiq sahədə təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün diaqnostika matrisasının hazırlandığını diqqətə çatdırıb. Bildirilib ki, matrisa çərçivəsində daha geniş sahənin qiymətləndirilməsi həyata keçiriləcək. Əgər əvvəllər diqqət daha çox yerli investisiyalı müəssisələrin qeydiyyat prosedurlarının sadələşməsinə yönəlmişdisə, bu dəfə tədbirlərin əhatə dairəsi biznesə daxilolmanın beynəlxalq aspektlərinin nəzərə alınması, yerli və xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsi, həmçinin “startap”lar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğu və məlumatların şəffaflığının qiymətləndirilməsi ilə bağlıdır. DVX tərəfindən bu sahədə əsaslı təhlillər aparılıb.

Biznes sahəsində rəqəmsal alətlər ön plana keçir

Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsi çərçivəsində aparılan təhlillərdən məlum olub ki, sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olan subyektin daha çox əlavə xidmətlərə ehtiyacı var. “Biznesə daxilolma” indikatoru bu məsələyə daha geniş mənada yanaşır, rəqəmsal xidmətlərin mövcudluğu əsas amillərdən biri kimi götürülür, yerli şirkətlərlə bağlı mövcud olan imkanların bütün xarici şirkətlərə münasibətdə də tətbiqi əsas şərt kimi qoyulur. Yəni əgər “Doing Business” hesabatında biznesin mümkün qədər qısa müddətdə, az prosedurla, az xərc çəkməklə qeydiyyatının həyata keçirilməsi əsas meyar kimi götürülürdüsə, artıq “Əlverişli biznes mühiti” üzrə yeni yanaşmada məsələyə daha geniş yanaşılır. Söhbət rəqəmsal xidmətlərin mövcudluğu, dövlət orqanları arasında daha sonrakı inteqrasiya prosesinin mövcud olub-olmaması, bu proseslərdə ekoloji amillərin nəzərə alınması, beynəlxalq təcrübədə göstərilən meyarlara cavab verib-verməməsi kimi yeni göstəricilərdən gedir. Biznesə daxil olmaq üçün qaydalarda hansı amillərin nəzərə alınması ilə bağlı UNCİTRAL-ın etalon və ümumi beynəlxalq qəbul olunmuş tələbləri mövcuddur. Bu qaydalar bir daha nəzərdən keçirilib, bütün təhlillər və milli qanunvericilik müqayisə olunub. İkinci mərhələdə rəqəmsal infrastruktur, rəqəmsal xidmətlərin bugünkü keyfiyyəti və əlçatanlığıdır. Sahibkarlıq fəaliyyətinə başlayan subyektin biznes savadının kifayət qədər olmaması fonunda, bu xidmətlərdən istifadənin əlçatanlığı bir daha diaqnostika olunub. Üçüncü mərhələdə biznes subyektlərinin məmnunluq səviyyəsinin ölçülməsi sorğunun keçirilməsi ilə müəyyən olunacaq.

Rəqəmsallaşma biznesin fəaliyyəti üçün faydalıdır

Rəqəmsallaşdırma geniş mənada biznes fəaliyyətini yaxşılaşdırmaq, gəlir yaratmaq, biznes proseslərini transformasiya etdirmək və məlumat və rəqəmsal informasiyanın diqqət mərkəzində olduğu bir mühit yaratmaq üçün rəqəmsal həllər və məlumatların istifadəsidir. Rəqəmsallaşdırma biznes subyektlərinə, şirkətlərə yeni bazarlara çıxmaq, öz əməliyyatlarını optimallaşdırmaq və yaxşılaşdırmaq imkanı verdiyinə görə biznes sahələrinin inkişafını dəstəkləmək potensialına malikdir. Bu proses şirkətlərin qlobal dəyər zəncirlərinə daha asan şəkildə inteqrasiya etməsinə və öz innovasiya fəaliyyətlərini artırmasına kömək edir və səmərəliliyi dəstəkləyir. Rəqəmsallaşdırma məhsuldarlığın artmasına kömək edir və bu da öz növbəsində əməkhaqqının artmasına, həyat səviyyəsinin yaxşılaşmasına və rəqəmsallaşmanın genişləndirilməsinə gətirib çıxarır. Rəqəmsal texnologiyaların tətbiqi bütün hallarda şirkətlərin səmərəliliyini artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq potensialına malikdir.

Yüksək rifah hədəfləri

Növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biri dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasıdır ki, bununla da davamlı, yüksək iqtisadi artım və daxili, xarici təsirlərə dayanıqlıq təmin olunacaq. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması sərmayə cəlb etmək imkanını daha da artıracaq. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə zəmanət verir. Çünki biznes mühitinə istənilən dəstək iqtisadiyyatımızın artımı, cəmiyyətin sosial təminatının yüksəlməsi və inkişaf deməkdir. Artan iqtisadiyyat isə müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətin sütunlarındandır.

Gülay NƏBİYEVA