Tacikistan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada Çindən Tacikistan, Özbəkistan, Türkmənistan və İran üzərindən keçməklə Türkiyəyə yeni nəqliyyat dəhlizinin açıldığı bildirilib: “Çin-Tacikistan-Özbəkistan-Türkmənistan-İran-Türkiyə multimodal dəhlizi ilə Çin Xalq Respublikasından yüklər azad iqtisadi zona olan Kulyab şəhərinə (Tacikistan) çatdırılacaq və bu şəhər respublikanın həm ticarət və tranzit, həm də sənaye mərkəzinə çevriləcək”.
Nazirliyin açıqlamasına əsasən, oktyabrın 18-19-da Düşənbədə keçirilmiş “Tacikistan və region dövlətləri arasında nəqliyyat kommunikasiyalarının inkişafında loqistika və onun üstünlükləri” mövzusunda elmi-praktik konfransda Tacikistanın nəqliyyat naziri Azim İbrohim “konfransın yeni dəhlizdən istifadəyə səmərəli start verdiyini” bəyan edib.
Açıqlamanın ardınca Türkmənistanın kütləvi informasiya vasitələrində ilk yük qatarının Tacikistandan Türkiyəyə yola düşdüyü barədə məlumat yayılıb.