İqtisadiyyat üzrə Nobel mükafatçısı - Saymon Kuznets

2022.10.23 12:15 (UTC+04:00)

Şimen Abramoviç Kuznets 30 aprel 1901-ci ildə Belarusda, Pinsk şəhərində yəhudi ailəsində anadan olub. 1918-1921-ci illərdə Xarkov Ticarət İnstitutunda iqtisadi fənlər, statistika, tarix və riyaziyyat üzrə təhsil alıb.

1921-ci ildə Ümumittifaq Mərkəzi Həmkarlar İttifaqları Şurasının Cənub Bürosunun əmək şöbəsinin statistika işçisi kimi işə düzəlib və burada ilk əsərini – “1920-ci ildə Xarkov fabrik sənayesi fəhlə və qulluqçularının əməkhaqqı” adlı məqaləsini nəşr etdirib. Məqalədə o, Xarkovda sənaye sahəsində əməkhaqqının müxtəlif formalarının dinamikasını və əməkhaqqı sistemlərindən asılı olaraq gəlirlərin diferensiallaşdırılmasını tədqiq etmişdi.

1922-ci ildə ABŞ-yə mühacirət edib. Onun mühacirət etməsinin başlıca səbəblərindən biri də atasının bankda işləyərkən maliyyə fırıldağında ittiham olunması, özünü xilas etrmək üçün Almaniyaya qaıması idi.

Saymon Kuznets ABŞ-nin Kolumbiya Universitetində 1923-cü ildə bakalavr, 1924-cü ildə magistr, 1926-cı ildə fəlsəfə doktoru (doktorluq dissertasiyası “İstehsal və qiymətlərdə dünyəvi hərəkatlar” tədqiqatı idi) dərəcəsi alıb.

1927-1961-ci illərdə ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun əməkdaşı olub.

1930-1954-cü illərdə Pensilvaniya Universitetinin İqtisadiyyat və Statistika kafedrasının professoru kimi fəaliyyət göstərib, 1954-1960-cı illərdə Con Hopkins Universitetində dərs deyib.

1954-1964-cü illərdə İsraildə iqtisadi tədqiqatlar üzrə M.Falk layihəsini həyata keçirən Amerika komitəsinə rəhbərlik edib, 1964-cü ildən isə Qüdsdə İvrit Universitetində M.Falk İqtisadi Tədqiqatlar İnstitutunun Qəyyumlar Şurasının üzvü olub.

1960-1971-ci illərdə Harvard Universitetində dərs deyib.

Alimin elmi fəaliyyətini üç dövrə bölmək olar: 1926-1930-cu illər - sənaye və ticarətdə istehsalın və qiymətlərin dinamikasının, dövri tərəddüdlərin və mövsümi dəyişikliklərin təhlili; 1930-1950-ci illər - milli gəlirin ölçülməsi problemi və onun kapitalın formalaşması ilə əlaqəsi; 1950-ci ildən sonra - müxtəlif ölkələrin iqtisadi artımının müqayisəli təhlili.

Saymon Kuznets 1971-ci ildə "İqtisadi və sosial strukturun və ümumilikdə inkişaf prosesinin yeni və daha dərindən dərk edilməsinə səbəb olan iqtisadi artımın empirik əsaslandırılmış şərhinə görə" Nobel mükafatına layiq görülüb.

8 iyul 1985-ci ildə Kembric şəhərində vəfat edib.