Azərbaycan 2 ildən də az bir müddətdə nəhəng layihələrə imza ataraq, işğaldan azad olunmuş ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verib. Bu gün Zəngilan Beynəlxalq Hava Limanının rəsmi açılış mərasimi olub. Tarixi günlə bağlı fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov bunun ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunması və həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verdiyini vurğulayıb:
“45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatacağıq. Bu gün açılış mərasimi olan Zəngilan Beynəlxaq Hava Limanı bu imkanı bizlərə yaşadacaq. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edib. Qardaş ölkənin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Regionda baş verən iqtisadi və geosiyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək”.
V.Bayramov qeyd edib ki, Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq: “Bundan sonra hava limanı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan da daxil olmaqla həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyyətlidir”.